“Məqsədimiz kuboku qazanmaqdır”
"Məqsədimiz kuboku qazanmaqdır".
Sportline.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Murad Babayev “Neftçi”yə qarşı kubok oyunundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, şansların bərabər olduğunu bildirib:
“Düşünürəm ki, kubokda bütün komandaların şansları bərabərdir. Əhval-ruhiyyəmiz yüksəkdir və məşqlərə ciddi yanaşırıq. Məqsədimiz kuboku qazanmaqdır”.
Basketbolçu hazırlıqlar barədə də danışıb:
“Hazırlıqlarımız tam sürətlə davam edir. Psixoloji baxımdan da hazırıq. İstəyirik ki, özümüzə layiq oyun göstərərək finala yüksələk. Təbii ki, liqada limit 4+1 olduğu üçün kubokda komandaların daha zəif oyun nümayiş etdirdiklərini düşünürlər. Amma deyərdim ki, hər kollektivdə legionerlərlə eyni səviyyədə oynayan yerli oyunçular var. Mənə görə, bu, oyunun keyfiyyətinə o qədər də təsir etmir”.
M.Babayev öz oyunu haqqında da fikir söyləyib:
"Artıq çempionat sona yaxınlaşır və səhv etmə şansımız azalır. Mövsümün ilk yarısında komanda kimi istədiyimiz oyunu göstərə bilməsək də, sonradan yeni gələn legionerlərlə tempi tutmuşuq. Öz oyunuma gəlincə, xeyli müddət basketboldan uzaq qaldığım üçün formaya tam qayıtdığımı deməzdim. Amma yavaş-yavaş buna doğru irəliləyirəm”.
Qeyd edək ki, "Neftçi" - NTD görüşü martın 28-də baş tutacaq.