Mərkəzi oyunda qalib müəyyənləşmədi
Kişi həndbolçuların Azərbycan çempionatında 14-cü turun mərkəzi matçı Mingəçevirdə “Kür” və “Bakı” arasında olub.
Sportline.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman mərkəzində təşkil olunan bu komandaların görüşü gərgin idman mübarizəsində keçib. Bərabər səviyyəli oyun nümayiş etdirən tərəflər fasiləyədək təşəbbüsə yiyələnmək istəyini reallaşdıra bilməyiblər. İlk hissənin yekununda “Kür” bir xallıq fərqlə irəli çıxıb. 13:12. Oyunun ikinci hissəsi daha maraqlı keçib. Hesabdakı üstünlüyü artırmağa çalışan Mingəçevir həndbolçuları rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Meydan sahibləri bəzi epizodlarda buna nail olsalar da, paytaxt təmsilçisi yüksək əzmkarlıq göstərib. Matçın son iki dəqiqəsini bir nəfər azlıqda keçirən və 24-26 hesabı ilə geridə olan “Bakı” yekunda çətin səfəridən xalla qayıtmağa nail olub. Son dəqiqələrdə baş məşqçi Eldar Fərəcovun taymautu nəticəsini verib və Bakı həndbolçuları bərabərliyi təmin ediblər. Mübarizənin başa çatmasına saniyələr qalmış “Kür” cərimə zərbəsindən yararlana bilməyib. Beləliklə qarşılaşma 26-26 hesabı ilə yekunlaşıb.
14 turdan sonra hesabında 20 xalı olan Mingəçevir klubu ilk pillədə qərarlaşıb. Ondan iki xal geri qalan “Bakı” və “Azəryol” ikinci-üçüncü yerləri bölüşür.