Məşhur futbolçunun ölümündə yeni detal: Qəzadan əvvəl zəhərlənib
2019-cu il yanvarın 21-də təyyarə qəzasında həlak olan argentinalı futbolçu Emiliano Salanın məhkəməsində yeni detallar üzə çıxıb.
Sportline.az xəbər verir ki, uçuşun təşkilinə cavabdeh olan iş adamı David Henderson Kardiff Kral Məhkəməsi tərəfindən "təhlükəsizlik protokollarına əməl etməməkdə", futbolçu və pilot David İbbotsonun ölümündə günahkar bilinib.
Cəsədi qəzadan bir ay sonra tapılan Salanın meyidi keçən həftə yarılıb. Patoloq futbolçunun başından və döş qəfəsindən aldığı xəsarətlərdən öldüyünü təsdiqləyib. Ancaq Salanın bədənindən götürülmüş iki qan nümunəsindən məlum olub ki, o, ölməzdən əvvəl dəm qazından zəhərlənib. Təsdiqlənib ki, təyyarə dənizə düşməzdən əvvəl futbolçu huşunu itirib, lakin baş və döş qəfəsindəki xəsarətlər ölümcül olub. Dəm qazından zəhərlənmə isə təyyarənin egzoz sisteminin nasazlıq nəticəsində baş verib.
Qeyd edək ki, Emiliano Sala Uelsin “Kardiff Siti” klubuna qış transfer dövründə Fransa “Nant”ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Hücumçu Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.