Məşhur klub Mahir Emreli ilə maraqlanır

Millimizin və Polşanın “Legiya” klubunun hücumçusu Mahir Emreli Xorvatiyanın ən məşhur klubu sayılan Zaqreb “Dinamo”sunun transfer hədəfindədir.

Sportline.az Xorvatiyanın 24sata.hr saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi  Mahiri  heyətinə qatmaq niyyətindədir.

22 dəfə Xorvatiya çempionu adına layiq görülən, hazırda da çempionatın lideri olan “Dinamo” müdafiənin sol və sağ cinahlarına, o cümlədən hücum xəttinə oyunçu axtarışındadır. Xorvatiya mətbuatı hücum xəttinə əsas namizəd kimi Emreli göstərir.

Forvardın bu mövsüm 33 oyuna 11 qol vurması, avrokuboklarda “Budö/Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Lester” (İngiltərə), “Napoli”nin (İtaliya) qapısına yol tapması diqqətdən yayınmayıb.

Qeyd edək ki, Mahir Emrelinin transfer qiyməti 2 milyon avrodur.