Məşhur peşəkar kikboksçumuz yenidən rinqə dönür
Azərbaycanın tanınmış peşəkar kikboksçusu Hafiz Baxşəliyev yenidən rinqə qayıdır. Bu haqda idmançının özü Sportline.az-a məlumat verib. Son dəfə 6 il əvvəl rəsmi yarışa çıxan Baxşəliyev bu günlərdə Uels WKA Federasiyası tərəfindən təklif aldığını bildirib: “Əvvəllər də onların yarışlarında döyüşmüşəm. Bu günlərdə yenidən dəvət etdilər. Eyni zamanda boks yarışlarına qatılmaq haqda da təkliflər var. Bilirəm ki, 36 yaşında heç də asan olmayacaq. Amma, müntəzəm məşqlərlə əvvəlki formamı bərpa etmək əzmindəyəm. İnanıram ki, qürbətdə Azərbaycan adından döyüşmək mənə əlavə güc verəcək”. Xatırladaq ki, hazırda Londonda yaşayan 8 dəfə Azərbaycan, 3 qat dünya və Avropa çempionu, həmçinin K-1 üzrə Britaniya çempionu adına layiq görülüb. Məşqçi kimi də fəaliyyət göstərən təcrübəli idmançı Londondakı “Kavkaz Champion klub”un baş məşqçisidir.