Milli Avropa birinciliyinə hazırlaşır
Azərbaycan boksçuları Avropa birinciliyinə Özbəkistan və Serbiya milliləri ilə birgə hazırlaşırlar.
Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, gənc boksçulardan ibarət Özbəkistan və Serbiya milli komandaları Bakı Boks Mərkəzində Avropa birinciliyinə hazırlaşan yığmamızla birgə məşq edirlər. 20 idmançıdan ibarət heyətlə ölkəmizə gələn özbəklər və serblər təlim-məşq toplanışı çərçivəsində yığmamızın üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayırlar. Komandalar martın 31-dək birgə hazırlıq keçəcəklər.
Azərbaycan yığmasının baş məşqçisi Elbrus Rzayev birgə hazırlığın gələcək uğurlar üçün faydalı olacağını bildirib. Onun sözlərinə görə, məhz belə toplanışlarda boksçuların güclü və zəif cəhətləri daha çox nəzərə çarpır, onlar üzərində xüsusi işlənilir.
Qeyd edək ki, Avropa birinciliyi aprelin 2-15-i aralığında Xorvatiyanın Poreç şəhərində keçiriləcək.