Milli komanda Kosovo sınaqlarına hazırlığı davam etdirir
18 yaşadək kişilərdən ibarət milli həndbol komandamızı qarşıda ciddi sınaq gözləyir.
Sportline.az xəbər verir ki, millimiz avqustun 12-dən 18-dək Kosovada keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq. Həndbolçularımız məsul yarışa hazırlığı davam etdirirlər.
Ötən ilin dekabr ayından start verilən hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. Əvvəlcə Gürcüstan paytaxtındakı toplanışa qatılan komandamız bu ilin martında Rusiyanın Astraxan şəhərindəki turnirdə iştirak edib.
Ardınca taktiki-texniki plan üzrə hazırlığı Bakıda davam etdirən milli bu gün yenidən Astraxana yola düşüb. Həndbolçularımız toplanış çərçivəsində yerli komanda ilə 3 yoxlama matçı keçirəcəklər. İyunun 11-dək davam edəcək hazırlıq prosesində 15 oyunçu baş məşqçi Rəşad Hüseynovun ixtiyarında olacaq.
Qeyd edək ki, komandamızın iyul ayında Mingəçevirin “Kür Olimpiya Tədris İdman Mərkəzi”ndə daha bir təlim-məşq toplanışı da nəzərdə tutulub.