Millimiz ilk görüşünə çıxır

Bu gün Ümumdünya Şahmat Olimpiadasında "Top-divizion"un oyunlarına start veriləcək. 

Sportline.az xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan millisi də ilk görüşlərini keçirəcək.

Komanda yarışın birinci günündə Niderland, Macarıstan və Cənubi Afrika Respublikasının yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu qrupda, həmçinin Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç və Fransa milliləri də yer alıb. 

Hər qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək. 

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.

Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq. Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.