Millimiz polşalılara uduzdu

Azərbaycan millisi olimpiadanın dörddəbir finalında daha güclü rəqiblə – Polşa şahmatçıları ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, bu komandanın heyətində Yaroslav Voytaşek, Jan-Kristof  Duda və başqa tanınmış qrossmeysterlər çıxış edir.

İlk tur məhz onların qələbəsilə başa çatıb. Lakin sonrakı turda Rauf Məmmədov, Vüqar Əsədli, Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın qazandığı qələbələr sayəsində seçmə kollektiv ümumi hesabı bərabərləşdirə bilib.

Reqlamentə görə qalibi müəyyənləşdirmək üçün armageddon oyunu təyin edilib. Onun qaydaları belədir ki, əgər görüş heç-heçə qurtarsa qələbə qara fiqurlarla oynayan şahmatçıya verilir.  Bu görüşdə komandamızı təmsil edən Günay Məmmədzadə məhz qara fiqurlarla böyük üstünlüyə yiyələnsə də, qələbəni onun rəqibi Monika Soçko qazanıb. Beləliklə, Polşa qrossmeysterləri ümumən 2-1 hesabilə qalib gələrək yarımfinala çıxıb.

Bu mərhələdə onların  rəqibi Hindistan millisi olacaq. Yarımfinalın digər oyununda ABŞ və Rusiya komandaları qarşılaşacaqlar. Olimpiadanın çempionu isə avqustun 30-da finalda  müəyyənləşəcək.