Namiq Abdullayev millimizin baş məşqçisi oldu

Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar gerçəkləşib.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında açıqlama verib.

Federasiya rəsmisi bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə milli komandanın baş məşqçi sükanı arxasına gətirilib. 

Olimpiya çempionu Namiq Abdullayev isə sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. O, yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.

N. Əliyev sərbəst güləş yığmasının bir çox üzvünün Dağıstanda qaldığını və Azərbaycana gələ bilmədiyini söyləyib. O, Abdullayevin bu müddətdə Azərbaycanda qalan yerli idmançılarla hazırlıq keçdiyini xatırladıb.

Qurumun prezident əvəzi yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında müəyyən irəliləyişlərə nail olunduğunu da vurğulayıb. O, gələn ilin mart-aprelindəki lisenziya yarışlarında olimpiadaya vəsiqələrin qazanılacağına ümid etdiyini bildirib.