"Neftçi"nin Antalyadakı oyununda insident baş verib
"Neftçi" və Polşanın "Visla" (Plotsk) komandaları aralarında Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyununda iki insident yaşanıb.
Sportline.az xəbər verir ki, ilk münaqişə 73-cü dəqiqədə baş verib. Azərbaycan klubunun müdafiəçisi Mert Çelik topu rəqibdən almağa cəhd edərkən, Polşa təmsilçisinin futbolçusu ona sərt qarşılıq verib. Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib.
77-ci dəqiqədə isə "Neftçi"nin digər futbolçusu Eddi İsrafilov diqqət mərkəzinə düşüb. İsrafilov ona qarşı kobud oynayan rəqib futbolçu ilə kəllə-kəlləyə gəlib. Mübahisə zamanı texniki zonada əyləşənlər də olaya müdaxilə edib. Hakim hər iki oyunçuya sarı vərəqə göstərdikdən sonra matç davam edib.
Qeyd edək ki, "Neftçi" hazırda 1:0 hesabı ilə öndədir.