Nəriman Abdullayev: "İnanıram ki, olimpiadadan medalla qayıdacağıq"
"İnanıram ki, Paris Yay Olimpiya Oyunlarından medalla qayıdacağıq".
Bunu Sportline.az saytına açıqlamasında boks üzrə seçmə komandamızın böyük məşqçisi Nəriman Abdullayev deyib.
Təcrübəli mütəxəssis Paris sınaqlarına hazırlığın plan üzrə davam etdiyini bildirib: "Hazırlığımız davam edir. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Çalışırıq ki, boksçularımız olimpiadaya qədər həm fiziki, həm taktiki, həm də psixoloji cəhətdən tam hazır olsunlar. Hələlik 3 lisenziyamız var. Ümid edirik ki, qarşıdakı lisenziya yarışında da ən azı 2 vəsiqə qazanacağıq".
Qeyd edək ki, hələlik boks üzrə seçmə komandamızın 3 üzvü - Məhəmməd Abdullayev (+92), Murad Allahverdiyev (80) və Nicat Hüseynov (51) olimpiadaya lisenziyanı təmin edib.