Olimpiya çempionu: "Olimpiadada fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəyəm"
Olimpiadada fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəyəm.
Sportline.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
100 kq çəki dərəcəsində mübarizə aparan idmançı Azərbaycan üçün qızıl medal qazandığına görə çox şad olduğunu bildirib: "Ötən il Avropa çempionatının qalibi olmuşdum. Bu dəfə mundialda bayrağımızın dalğalandırılmasına və himnimizin səsləndirilməsinə nail oldum. 2016-cı ildən Azərbaycandayam. Ölkənin bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün əlimdən gələni edirəm. Olimpiadada da fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəyəm".
"Emosiyalara gəlincə, sözün düzü, bir qədər inanılmazdır. Amma mən çox xoşbəxtəm. Həmişə dünya çempionu olmaq arzusu ilə yaşamışam. Mundialda iki dəfə üçüncü yeri tutmuşdum. Şəxsi məşqçim Elxan Məmmədov bu turnirə kimi Azərbaycanın yeganə dünya çempionu idi. O, həmişə mənə deyirdi ki, sən də bunu bacara bilərsən, məşqlərə ciddi yanaş, rejimə əməl et. Hidayət Heydərov çempion olandan sonra yanıma gəldi və qızıl medalını göstərib "sən də bunu bacara bilərsən" dedi. O, mənə Birinci vitse-prezident Mehriban Əliyevanın instaqramdakı təbrik paylaşımını da göstərdi. Bütün bunlar mənə xüsusi motivasiya verdi", - deyə Z.Kotsoyev vurğulayıb.
O, Azərbaycan Cüdo Federasiyasına və Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib: "Biz böyük bir ailəyik. Onların dəstəyini həmişə hiss edirik. Məşqçilərə, həkimlərə və masayçılara da təşəkkürümü bildirirəm. Bu uğurda onların da zəhməti var".
Qeyd edək ki, Əbu-Dabidə Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya çempionu olub.