Olimpiya medalından məhrum edilən azərbaycanlıdan açıqlama

Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov olimpiya mükafatından məhrum edilməsi ilə bağlı açıqlama verib.

Sportline.az xəbər verir ki, o, İnstaqram hesabındakı paylaşımında qərarla qətiyyən razı olmadığını bildirib:

“Bu vəziyyətdə ən dəhşətlisi odur ki, Olimpiya Oyunlarına vaxtında göndərilən nümunəmlə bağlı heç bir sual olmadan əsas mükafatı - Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının qızıl medalı əlimdən almaq istəyirlər. Ona görə də bu qərardan apellyasiya şikayəti vermək niyyətindəyəm”, - idmançı bildirib.

Qeyd edək ki, Nicat Rəhimov antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb. Onun olimpiya medalı da əlindən alınıb.

İdman Arbitraj Məhkəməsinin məlumatına görə, Rəhimovun 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-dək olan bütün nəticələri ləğv ediləcək. 2021-ci ilin yanvarında Beynəlxalq Test Agentliyi (ITA) idmançını antidopinq qaydalarını pozmaqda ittiham edib.