Ölkə çempionatının başlanacağı tarix

Avqustun 21-də Azərbaycanda futbol üzrə 2020/21 mövsümünün başlaması gözlənilir.

Sportline.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü qərarında   avqustun 10-dan etibarən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə verilib. Bu o deməkdir ki, həmin tarixdən etibarən futbol da daxil olmaqla açıq havada istənilən idman yarışı keçirilə bilər. Amma böyük ehtimalla azarkeşlərin iştirakı olmadan.

Daha öncə AFFA elan edib ki, Operativ Qərargahın icazə olacağı halda, Premyer Liqada növbəti mövsümü avqustun 21-də başlamaq niyyətindədirlər.

Bundan başqa, bu qərar həm də o anlama gəlir ki, Azərbaycan klubları Avropa kuboklarında ev oyunlarını Bakı da daxil olmaqla ölkəmizin UEFA tələblərinə cavab verən istənilən stadionunda keçirə bilərlər.

Xatırladaq ki, bu mövsüm ölkəmizi avrokuboklarda "Qarabağ" (Çempionlar Liqası), "Neftçi", "Keşlə" və "Sumqayıt" (hər üçü Avropa Liqası) təmsil edəcək.