"Qarabağ" "Azəryol"a qalib gəlib
Kişi həndbolçuların Azərbaycan çempionatında XVII turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəlib. Beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişinin idarə etdiyi oyunun deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. “AHF Arena”da keçirilən görüşün favoriti sayıan “Azəryol” meydançaya lider “Kür”lə iki xallıq fərqi aradan qaldırmaq niyyətində çıxmışdı. İlk dördlükdə qərarlaşan “Qarabağ” isə yarış cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi. Oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk hissədə bir neçə dəfə təşəbbüsə yiyələnməyə çalışan “Azəryol” üstünlüyü qorumağı bacarmayıb. Tezliklə toparlanan nominal ev sahibi xüsusilə gənc qapıçı Elşad Məmmədyarovun inamlı oyunu sayəsində geriliyi aradan qaldırıb – 18:18.
İkinci hissəyə daha fəal başlayan “Qarabağ” 4 xallıq üstünlüyə yiyələnsə də tədricən vəziyyəti dəyişən Vidadi Əliyevin komandası oyunda yenidən tarazlıq yaradıb. Ardınca xala-xal prinsipi ilə davam edən matçın sonluğu daha gərgin və dramatik mübarizə ilə yadda qalıb. Hər iki komandanın azarkeşlərini sevindirmək imkanı olsa da, fürsətlərdən lazımınca faydalanan “Qarabağ” görüşü 35:34 hesablı qələbə ilə başa vurub.