"Qarabağ" - "Lion": Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli

UEFA Avropa Liqasının Liqa mərhələsində "Lion"la oyun "Qarabağ"ın avrokuboklarda Fransa təmsilçilərinə qarşı 11-ci matçı olacaq.

Sportline.az xəbər verir ki, "köhlən atlar" indiyədək bu ölkənin beş klubu ilə üz-üzə gəlib.

Azərbaycan çempionu ilk dəfə 1999-cu ildə İntertoto Kubokunda "Monpelye"yə rəqib olub. Turnirin II t'snifat mərhələsinin Bakıda baş tutan oyununda 0:3 hesabı ilə uduzan ağdamlılar səfərdə 6 cavabsız qola üzülüblər.

"Qarabağ" daha sonra 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində "Sent Etyen"lə qarşılaşıb. Tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan I turun oyununda qolsuz heç-heçəyə razılaşıblar. Fransada gerçəkləşən V turun matçında da qalib müəyyənləşməyib - 1:1.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2015/2016 mövsümündə eyni turnirin qrup mərhələsində "Monako" ilə qarşılaşıb. III turda II Lui stadionunda məğlub olan (0:1) Ağdam təmsilçisi IV turda Bakıda bərabərliklə (1:1) kifayətlənib.

Azərbaycan çempionunun 2021/2022 mövsümündə başqa turnirdə - UEFA Konfrans Liqasında Fransa klubu ilə yolu kəsişib. Qrup mərhələsində ikinci olan komanda pley-offda "Marsel"ə rəqib olub. Hər iki matç Liqa 1 təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0, 3:1.

"Qarabağ" son olaraq 2022/2023 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Nant"la qarşılaşıb. II turda Bakıda 3 cavabsız qolla qalib gələn təmsilçimiz V turda məğlubiyyətlə (1:2) üzləşib.

Beləliklə, "köhlən atlar" bu qarşılaşmaların 1-də qələbə qazanıb, 3-də heç-heçə edib, 6-da isə uduzub. Komandanın 7 qoluna rəqiblər 20 qolla cavab veriblər.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.