"Qarabağ"ın rəqibi "Bordo"nu 44 ildən sonra səfərdə məğlub edib

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın "Marsel" klubu 44 ildən sonra "Bordo" üzərində səfər qələbəsi qazanıb.

Sportline.az xəbər verir ki, bu, Liqa 1-də XX tur qarşılaşmasına təsadüf edib. 37-ci dəqiqədə "Bordo"nun qapıçısı Pau Lopesin oyuna yanlış daxil etdiyi topu Türkiyə millisinin futbolçusu Cengiz Ünder ələ keçirərək, fərqlənməyi bacarıb və görüşdə yeganə qolun müəllifi olub - 1:0.

Beləliklə, "Marsel" 1977-ci ilin oktyabrından sonra ilk dəfə şəxsi qarşılaşmalarda "Bordo"nun öz meydanında 36 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub. Bu qələbə sayəsində "Marsel" 36 xalla 2-ci pilləyə yüksələrək, lider PSJ ilə xal fərqini 10-a endirib. "Bordo" isə 17 xalla 17-ci yerdə gedir.

Qonaq komanda bu qələbəni meydan sahiblərinin 17 üzvünün koronavirusa yoluxması fonunda əldə edib. "Bordo" oyunun təxirə salınmasını xahiş etsə də, Fransa Peşəkar Futbol Liqası (LFP) rədd cavabı verib. "Jirondistlər" görüşü yoluxmaların kütləvi xarakter alması üzündən bağlı tribunalar önündə keçirməli olublar. Komandanın azarkeşləri isə LFP-nin qərarı əleyhinə etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.