"Qarabağ"la oyundan əvvəl 1 dəqiqəlik sükut pozulacaq

"Olimpiakos"un "Tyra 7" azarkeş qrupu "Qarabağ"a qarşı keçiriləcək Avropa Liqasının qrup matçı öncəsi etiraz bəyanatı yayıb.

Sportline.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı bildirib. Etiraza səbəb UEFA-nın bu günlərdə Pirey təmsilçisinə qarşı çıxardığı qərar səbəb olub.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” UEFA tərəfindən cəzalandırılıb. Buna Yunanıstan klubunun azarkeşlərinin 2-ci turda “Frayburq”la ev oyununda pirotexniki əşyalardan istifadə etməsi səbəb olub. Ona görə də komandanın növbəti turda “Qarabağ”la qarşılaşmada azarkeş məhdudiyyəti olacaq. Stadionun ən aktiv azarkeşlərinin olduğu şimal tribunası qismən bağlanacaq. Həmçinin, Pirey təmsilçisi 50 min avro məbləğində cərimələnib

Yunan azarkeşlər isə bu qərarı haqsız hesab edirlər. Bəyanatda deyilir: "Bizim mövqeyimiz belədir ki, azarkeşin və onların tribunada yaratdığı atmosferin olmadığı oyun futbol deyil! Bunu son iki ildə COVİD-19 səbəbindən matçlara fanatlar buraxılmayanda bütün dünya gördü. Azarkeşsiz oyun darıxdıcı olar".

Fanatlar bildiriblər ki, onlar UEFA-nın "Qarabağ"la matçdan öncə tətbiq edəcəyi 1 dəqiqəlik sükut qərarına əməl etməyəcəklər.

Xatırlatma: UEFA qərar verib ki, 1 dəqiqəlik sükut İndoneziya çempionatının 11-ci turunda "Arema" - "Persebaya" görüşündən (2:3) sonra olan iğtişaşlar zamanı dünyasını dəyişənlərin xatirəsinə həsr ediləcək. Həmin hadisə zamanı 174 nəfər həlak olub.

Yunan azarkeşlər bəyan ediblər ki, onlar matçın əvvəlində 1 dəqiqəli sükut qaydasını pozacaqlar. "Amma həlak olanların xatirəsinə ehtiram olaraq, görüşün 174-cü saniyəsində (həlak olanların sayı bu qədərdir) - yəni 2-ci dəqiqənin 54-cü saniyəsindən 1 dəqiqəlik sükut elan edəcəyik".

Xatırladaq ki, oktyabrın 6-sı Yunanıstanda keçiriləcək Avropa Liqasının qrup mərhələsnin 3-cü turunun "Olumpiakos"- "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.