"Qəbələ" Araz Abdullayev üçün 150 min avro istəyir

Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını Kiprdə davam etdirə bilər. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, hazırda icarə əsasında “Anortosis”in formasını geyinən futbolçunun birdəfəlik transferi gündəmdədi.

Müqavilə ilə “Qəbələ”yə məxsus olan Abdullayev mövsümün əvvəlində yollandığı “Anortosis”in aparıcı simalarından birinə çevrilməyi bacarıb. Uğurlu çıxış kiprliləri transfer məsələsini düşünməyə vadar edib.

Xəbərdə “Qəbələ”nin keçid üçün 150 min avro istədiyi vurğulanıb. “Anortosis” rəhbərliyi və məşqçilər korpusu hələ ki, futbolçunun oyunundan məmnundu və onun gələcəkdə də komandaya kömək edəcəyini düşünürlər. Kipr təmsilçisi onu birdəfəlik transfer etməkdə maraqlıdılar. Lakin Azərbaycan klubunun məbləğdə endirim etməsinə çalışacaqlar. 26 yaşlı oyunçunun qarşıdakı turlardakı çıxışından da çox şey asılı olacaq. Mövsümün qalan hissəsində bir neçə derbi baş tutacaq ki, Arazın məhz həmin qarşılaşmalardakı performansı onunla bağlı qərarın qətiləşməsinə səbəb olacaq.

Qeyd edək ki, Araz Abdullayev “Anortosis”in heyətində keçirdiyi 22 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.