Qurban Qurbanov: "Komandalar kubok matçlarında daha istəkli oynayırlar"
"Kubok oyunu çempionat matçından fərqli olur. Burada komandalar daha istəkli oynayırlar. Çünki cütün taleyi iki oyundan ibarətdir".
Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
50 yaşlı mütəxəssis texniki səhvdən sonra qol buraxdıqlarını bildirib: "3:1 hesablı qələbə qazansaq da, futbolçular əziyyət çəkdilər. Komandamdan razı qaldım, çünki sona qədər qələbə üçün oynadılar".
Təcrübəli baş məşqçi rəqibin hesabı açmasına təəccüblənmədiyini söyləyib: "Onların əvvəlki matçlarını da izləmişəm. Mübarizəyə görə, bəlkə də, çox oyunda məğlubiyyətə layiq deyildilər. Çox sürətli əks-hücumları var. “Qəbələ” istənilən an qol vurmağı bacaran komandadır. Bu gün qol buraxmağımızı istəmirdim. Amma yekunda qələbə qazanmağımıza görə şadam".
Qurbanov həm Premyer Liqanın növbəti turunda, həm də kubokun cavab qarşılaşmasında ardıcıl “Qəbələ” ilə qarşılaşmalarına da münasibət bildirib: “Futbolçunun ən çox xoşlamadığı bir proqram eyni rəqibə qarşı 3 dəfə oynamaqdır. Bu, futbolçu üçün xoş hal deyil. Bəlkə də, son illər belə halla üzləşməmişdik ki, səfərdə qalaq, ardıcıl iki oyun keçirək. Yenə də yaxşı hazırlaşmağa çalışacağıq ki, növbəti oyunlarda da uğurlu çıxış edək".