Ruslan Abışov: "Ən böyük dəstəyi ailəm verdi"
"Hər şey qaydasındadır. Çətin məşqlər geridə qalıb. Daha çox toplu məşqlər olur. Artıq matçlar da oynamışıq".
Sportline.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin kapitanı Ruslan Abışov klub televiziyasına açıqlamasında Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı barədə danışarkən deyib.
30 yaşlı futbolçu hazırlıq prosesində vaxtlarının az olduğunu vurğulayıb: "Bu qısa müddət ərzində hər şeydən istifadə etməliyik. Hazırlıq prosesindən lazımınca istifadə etməliyik ki, mövsümün ikinci yarısında çəkdiyimiz əziyyətin bəhrəsini görək".
Təcrübəli müdafiəçi uzun müddət çəkən zədəsi barədə də danışıb. "Zədəm çox ciddi idi. Açığı, gözləmirdim ki, karyeramda belə bir zədə alacağam. Futboldur, bu, mənim başıma gəldi, yaşadım".
Abışov artıq hər şeyin qaydasında olduğunu və pis günlərin arxada qaldığını söyləyib: "Çalışdığım və bacardığım qədər var gücümlə məşq edirəm. Məşqlərdə tam gücümü ortaya qoymağa çalışıram. Düzdür, bir az çətinliklər var, bu da normaldır. 5 ayadək komanda ilə məşq etmirdim. Bu, meydanda öz təsirini göstərir. Amma məşqçilərimiz, komanda yoldaşlarım və həkimlərimiz mənə böyük dəstək verir ki, qısa müddətdə formamı bərpa edim və var gücümlə komandamıza köməklik göstərim".
Təcrübəli oyunçu zədəli olduğu müddət ərzində çox heyfsiləndiyini deyib: "İlk oyunlara çəliklə gəlirdim. Qıraqdan baxırdım və pis hisslər keçirdirdim. Mənə ən böyük dəstəyi ailəm verdi. Ondan sonra komanda yoldaşlarım, dostlarım mənə çox böyük dəstək verdilər ki, səbrli ol və zamanla hər şey qaydasına düşəcək. Futbolçu hər tərəfdən özünə dəstək gözləyir. Bu cəhətdən məndə heç bir problem olmadı. Əksinə, artıqlaması ilə bu dəstəyi gördüm. Bir çox azarkeşimiz zəng vururdular, dəstəklərini göstərirdilər. Ümumiyyətlə hər kəsə öz dərin təşəkkürümü bildirirəm".