İngiltərə millisinin sabiq qapıçısı vəfat edib

İngiltərə millisinin sabiq qapıçısı Cimmi Rimmer 78 yaşında dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, keçmiş qolkiper karyerası ərzində “Mançester Yunayted”, “Arsenal”, “Aston Villa” və “Suonsi”nin formasını geyinib.

Rimmer “Mançester Yunayted”in yetirməsi olub və 1968-ci ildə Avropa Çempionlar Kubokunu qazanan komandanın heyətində yer alıb.

1977-ci ildə “Aston Villa”ya keçən qapıçı burada 6 mövsüm çıxış edib və İngiltərə çempionatında 229 oyuna çıxıb. 1981/82 mövsümündə isə Birmingem təmsilçisinin Avropa Çempionlar Kubokunu qazanmasında pay sahibi olub.

Rimmer “Bavariya”ya qarşı keçirilən finalda start heyətində meydana çıxıb. O, 9-cu dəqiqədə zədələnərək oyunu vaxtından əvvəl başa vurub. “Aston Villa” həmin görüşdə 1:0 hesablı qələbə qazanıb. Bununla da Rimmer Avropa Çempionlar Kubokunu iki dəfə qazanan futbolçular sırasına düşüb.

Qeyd edək ki, Cimmi Rimmer İngiltərə millisində 1 oyun keçirib.