"Qalatasaray" "Arsenal" 45 milyon avro təklif etdi

“Qalatasaray” “Arsenal”ın hücumçusu Qabriel Martinellinin transferi üçün təklif göndərib.

Sportline.az xəbər verir ki, Türkiyə klubunun təklifi təxminən 45 milyon avro təşkil edir. 25 yaşlı braziliyalı futbolçunun “Arsenal”la müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir. Klubun müqaviləni daha 12 ay uzatmaq hüququ da var.

Hələlik Martinellinin Türkiyə klubuna keçməyə razı olub-olmayacağı məlum deyil. Çünki şəxsi müqavilənin şərtləri ilə bağlı danışıqlar hələ aparılmayıb.

Martinelli 2019-cu ilin iyulundan “Arsenal”da çıxış edir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” Braziliya millisinin futbolçusunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.