Rüstəm Əfsərli "CBC Sport"dan ayrıldı

Tanınmış idman jurnalisti Rüstəm Əfsərli "CBC Sport" televiziyasından ayrılıb. Sportline.az xəbər verir ki, həmkarımız fəaliyyətini "Neftçi" futbol klubunun mətbuat xidmətinin rəhbəri kimi davam etdirəcək. Bu haqda, "CBC Sport" telekanalının bu gün yaydığı bəyanatda  bildirilir:

Təəssüf hissi ilə bildiririk ki, “CBC Sport” TV-nin yaradıcılarından və qurucularından biri, şərhçilər qrupunun rəhbrəri Rüstəm Əfsərli sıralarımızı tərk edir.

Fəaliyyətə başladığı ilk gündən “CBC Sport”la birgə addımlayan Rüstəm Əfsərli təcrübəsi və biliyi ilə xeyli maraqlı, tamaşaçı rəğbəti qazanan layihənin ideya müəllifi olub.

İstedadlı həmkarımız bundan sonra fəaliyyətini “Neftçi” PFK-da davam etdirəcək. Amma, qarşılıqlı razılığa əsasən, İtaliya çempionatının oyunlarının şərhində qalacaq. Müəllifi və aparıcısı olduğu “Kalçomaniya” verilişində isə qonaq qismində çıxış edəcək.
“CBC Sport” ailəsi Rüstəm Əfsərliyə təşəkkür edir, gələcək işlərində ona yaradıcılıq uğurları arzulayır.