Şahmatçılarımızın yeni reytinq siyahısı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycanın ilk "10-luq"da yer alan 2 təmsilçisindən Şəhriyar Məmmədyarov 2770 xalla 1 pillə geriləyərək, 8-ci sıraya düşüb.

Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 2 765 xalla 10-cu yerdəki mövqeyini qoruyub.

Nicat Abbasov 2 668 xalla 3 pillə irəliləyərək, 72-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2 665 xalla 2 pillə - 75-ci sıraya enib. 2 654 xalı olan Rauf Məmmədov isə 2 pillə geriləyərək 95-ci sırada qərarlaşıb.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 823 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan 2 443 xalı olan Günay Məmmədzadə 28-ci sıradan 31-ci mövqeyə geriləyib. 2 382 xala malik Gülnar Məmmədova 7 pillə geriləyərək 80-ci sırada yer alıb. 2 376 xalı olan Xanım Balacayeva da eyni sayda gerilmə ilə 89-cu yerə enib.