“Şahmatın Motsartı” – Xose Raul Kapablanka
“Qambit” layihəsi çərçivəsində dünya şahmat tarixinin unudulmaz səhifələrini vərəqləyəcəyik. Əvvəlcə şahmat tarixində unudulmaz iz buraxmış kubalı Xose Raul Kapablanka haqqında.
Bütün şahmat sevərlər onu yaxşı tanıyır. Erkən yaşlarından şahmatın sirlərinə yiyələnən Xose Raul Kapablanka...
Yəqin ki, atası hələ 4 yaşında olan oğlu ilə şahmat oynayarkən onun cəmi bir neçə il sonra dünyada məşhurlaşacağını ağlına gətirmirdi. Bəli, Kapablanka atasını, yaxşı mənada, təəccübləndirməyi bacardı. Tez bir vaxtda şahmatın bütün sirləri ilə tanış olan zəka sahibi 12 yaşında Kuba çempionu adını qazandı. Bu uğurun ardınca Kapablanka dünya şahmatına ayaq açdı. Bir-birinin ardınca beynəlxalq turnirlərdə qüvvəsini sınayan şahmatçı gedişləri ilə diqqətləri üzərinə topladı.
Kiçik yaşlı Xose Raul Kapablanka atası ilə şahmat oynayır
Xose şahmatla yanaşı, təhsildə də uğurlar qazanmaqda idi. Atasının dəstəyi ilə parlaq gələcək naminə Amerika Birləşmiş Ştatlarına yollanmışdı. Təhsil aldığı müddətdə tələbələrarası birinciliklərdə bir neçə dəfə qələbə qazanan 15 yaşlı şahmatçı iki il sonra Nyu-Yorkun məşhur Manhetti klubunda çıxış etmək imkanı əldə edir. Burada da bütün rəqiblərini üstələyən gənc şahmatçı bir il sonra sürətli oyun üzrə turnirə qatılır. Qələbələri sıralayan Xose finala vəsiqə qazanır. Həlledici oyunda onun rəqibi dünya çempionu Emanuil Lasker olur. Görüşdən əvvəl hamı Laskerin qələbəsinə inansa da, Kapablanka çətinlik çəkmədən dünya çempionunu mat qoyur. Məğlubiyyətdən sonra Emanuil Lasker rəqibinin əlini sıxır və deyir: “Sizə bir söz deyə bilərəm: Əhsən! Bir dəfə də olsun səhv etmədiniz. Mənim səhvlərimi isə həmin dəqiqə gördünüz. Siz dünyanın ən güclü şahmatçısını məğlub etdiniz”.
Emanuil Laskerlə oyun
Təbii ki, Xose Raul Kapablanka bununla da kifayətlənmir. 1908-1909-cu illərdə ABŞ-a qastrol səfərinə çıxır. İki ay ərzində şahmatçı 734 oyun keçirir. Bunların 703-ü kubalının qələbəsi ilə yekunlaşır. Səfərin sonunda Kapablanka dünyanın ən güclü şahmatçılarından biri – Frenk Marşalla qarşılaşmaq imkanı qazanır. Oyun təklifini Kapablanka özü etmişdi. Dünya şöhrətli şahmatçıyla qüvvəsini sınamaq çoxdankı arzusu idi. Frenk Marşal da təklifə müsbət yanaşmışdı. Özünə inamlı şahmatçı kubalını məğlub edəcəyinə ümidli idi. Ancaq oyun ərzində işlər, heç də, onun istədiyi kimi getmir. Kapablanka dəqiq düşünülmüş gedişlərlə Marşalı heyrətə salır.
Xose Raul Kapablanka qastrol səfərində
Getdikcə dünyada tanınmağa başlayan kubalı şahmat ustası dünya çempionluğu uğrunda Emanuil Laskerlə yenidən qarşılaşmaq imkanı əldə edir. Həmin görüş 1914-cü ildə keçirilməli olsa da, I Dünya Müharibəsinin başlanması ilə təxirə düşür.
Hamının gözlədiyi duel yeddi il sonra – 1921-ci ildə reallaşır. 14 oyunun 4-ündə qələbə qazanan Xose Raul Kapablanka qalan bütün görüşlərdə bərabərliyə nail olur. Beləliklə, Emanuil Laskerlə dueldən qalib ayrılan Kapablanka dünyanın yeni çempionu adına yiyələnir.
1922-ci ildə Londonda keçirilən dünya çempionatında rəqiblərini böyük fərqlə üstələyən Kapablanka uğurun davamını gətirə bilmir. 1924-cü ildə Nyu-Yorkda ikinci, 1925-ci ildə Moskvada isə üçüncü olur.
Uğuruszluq zolağına düşən Kabaplanka 1927-ci il çempionatına böyük səylə çalışır. Şahmatçı zəhmətinin bəhrəsini görür və yenidən dünya çempionu adına yiyələnir. Yarışı ikinci pillədə bitirən rusiyalı qrossmeyster Aleksandr Alyoxin dünya çempionu titulu uğrunda Kapablanka ilə üzləşmək imkanı qazanır. Kubalı şahmatçı çempionatda əldə etdiyi uğurun ardınca qələbə qazanacağına inanırdı. Halbuki, Alyoxin onun oyununu yaxşı təhlil etmişdi və vacib görüşə yüksək səviyyədə hazırlaşmışdı. Bunun nəticəsi idi ki, final seriyasının 6 görüşündə rusiyalı qalib gəlmişdi. Cəmi 3 görüşdə qələbə qazanan Kapablanka çempionluq titulunu itirmişdi.
Aleksandr Alyoxinlə görüş
Sonralar Kapablanka revanş təklif etsə də, Alyoxin buna razılıq vermir.
1927-ci ildən sonra Kapablanka 17 beynəlxalq yarışda iştirak edir. Bunların 8-i kubalı şahmatçının qələbəsi ilə yekunlaşır.
Xose Raul Kapablanka dünya şahmat tarixinin unudulmazları sırasındadır. Özünəməxsus oyun stili ilə seçilən şahmatçı qısa ömründə mümkün bütün uğurları qazanmışdı. Təsadüfi deyil ki, ona “Şahmatın Motsart”ı deyirdilər.
Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir