Şəhriyar Məmmədyarov: "Millinin üzvlərinə qarşı qələbəyə oynaya bilmirəm"
"Shamkir Chess 2019" superturnirinin 2-ci turunda Teymur Rəcəbovla heç-heçə edən Şəhriyar Məmmədyarov media nümayəndələrinin suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, qrossmeyster seçməmizin digər üzvü Teymur Rəcəbovla görüşlərin çətin olduğunu bildirib.
"Bizi illərin münasibəti bağlayır. Mentalitetlə bağlıdır. Millidə hamımız bir ailəyik. Təsəvvür edin, lazım olanda debütlərimizi bölüşürük. Teymurla aramızda sirrimiz yoxdur. Teymurun mənə kömək etdiyi yarışlar olub. Belə halları digər komandalarda görmək mümkün deyil. Onlarda hamısı bir-birinə rəqib kimi yanaşır.
Azərbaycan millisində uğur qazandığımız yarışlarımız, qalibiyyətlərimiz olub. Uzun illər millidəyik və bu, adi münasibət deyil. Bir neçə il əvvəl Eltacla Şəmkirdə oynayanda mənə qələbə çox vacib idi. Udmalıydım, üstünlüyüm olduğu partiyada səhv etdim, güclə düzəltdim. Amma qalib gəlmək fikrində olmuşam. Ümumilikdə etiraf etməliyəm ki, milli komandanın üzvlərinə qarşı qələbəyə oynaya bilmirəm. Dost olduğum həmkarıma qarşı prinsipiallıq hiss etmirəm. Bu, həmişə belə olmur".