Şəhriyar Məmmədyarov: "Təhlükə onsuz da hər yerdə var"
"Martın 14-də Almaniya Bundesliqasında oynamalıydım və ona görə hava limanına yollandım. Aeroporta çatanda klubumdan zəng gəldi və bildirildi ki, oyunlar təxirə salınır. Mən də hava limanından geri döndüm”.
Sportline.az xəbər verir ki, bunu şahmatçı Şəhriyar Məmmədyarov özünün feysbuk səhifəsində paylaşıb.
35 yaşlı qrossmeyster Almaniyaya yollanmamağının səbəbini açıqlayıb. O bildirib ki, təhlükəyə baxmayaraq, verdiyi sözə görə səfərə çıxmaq istəyində olub: "Almaniyanın təhlükəli vaxtında verdiyim sözə və müqaviləyə görə ora uçmağa hazır idim. Liqa olmadığını biləndə həm üzüldüm, həm də sevindim. Çünki heç kim 2 günə görə bu çətin durumda Avropaya getməyi istəməz və sonra da ən azı 2 həftə karantində qalsın. Üzüldüm ona görə ki, 20 gün bu 2 oyuna hazırlaşmışdım. Eyni hadisə bu günlərdə Teymur Rəcəbovla bağlıdır. İddiaçılar Turniri hər şahmatçının arzuladığı yarışdır. Ən azı mənim üçün belədir. Son yarışda ikinci yerə çıxdım və qarşıma məqsəd qoymuşdum ki, bu dəfə birinci olmağa çalışacaq. Çox heyflər, orda oynamaq şansım olmadı. Olsaydı, əlbəttə gedərdim. Ən azı martın 14-də Almaniyaya getmək istəyən insan Rusiyaya niyə getməsin? Yəni 100 faiz gedərdim. Timanın imtinası ilə turnir dayanardısa, çox düzgün qərar olardı. Yox əgər yarış davam edirsə və bitəcəksə uduzan bizim şahmat olacaq. Mən isə buna üzülürəm. Amma daha çox ona üzülürəm ki, bu qədər gözəl təşkil olunan və bu qədər maraqlı oyunları olan turnir dayansın. Çünki bütün dünya indi bu yarışı izləyir. Orda oynayan 8 dost şahmatçıya can sağlığı arzu edirəm. Qoy güclü qalib gəlsin. İnanıram ki, mənim və bizim şahmatçıların yenə bu turnirdə oynamaq şansı olacaq. Təhlükə onsuz da hər yerdə var. Amma uğur hər yerdə yoxdur”