Tarkan Bakıya yarışa gəlir

Türkiyə səhnəsinin ulduzu Tarkan “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ilk günü üçün Azərbaycana gələcək. Sportline.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkəti açıqlayıb.

BŞH bildirib ki, iyunun 23-25-də paytaxtımızda keçiriləcək növbəti “Formula-1” yarışının ilk günü Türkiyənin dünyaca məşhur müğənnilərindən biri olan Tarkan Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq. Görkəmli müğənni iyunun 23-ü - cümə günü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirəcək.

Konsert proqramlarında yalnız yarışa bileti alanlar iştirak edə biləcəklər. Dörd günlük bileti olan hər kəs cümə axşamı günü - iyunun 22-də Pit Yolunda gəzintiyə çıxmaqla yanaşı “Formula-1” şəhərciyində keçiriləcək pilotların avtoqraf sessiyalarına qatılmaq və Bakının möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar ərazisində salınan əyləncə mərkəzindəki bütün proqramlarda iştirak etmək imkanına sahib olacaq.