Taysondan rekord

Ukraynanın "Şaxtyor" klubunun futbolçusu Tayson Avropa Liqasında yeni rekord müəyyənləşdirib. 

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı yarımmüdafiəçi İsveçrə "Bazel"ini 4:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/4 finalında buna nail olub. 

Komandasının 2-ci qoluna imza atan oyunçu turnirin 7 mövsümündə fərqlənməyi bacarıb. Daha əvvəl üç futbolçu altı mövsümdə qol vurub.

Bunlar, hazırda İngiltərə "Arsenal"ında çıxış edən Aleksandr Lyakazet, Türkiyə "Beşiktaş"ından Cermeyn Lens və Rusiya "Krasnodar"dan Aridir. 

Qeyd edək ki, Tayson 2013-cü ildən "Şaxtyor"da çıxış edir. O, Donetsk təmsilçisinə Xarxov "Metalist"indən keçib.