Ten Haqdan rəqib baş məşqçiyə maraqlı hədiyyə

“Mançester Yunayted”in çalışdırıcısı Erik Ten Haq “Nyuport”un baş məşqçisinə əfsanəvi Aleks Fergüsonun bəyəndiyi şərabı hədiyyə edib.

Sportline.az xəbər verir ki, niderlanlı mütəxəssis İngiltərə kubokunun 4-cü turunda “Nyuport Kaunti” ilə qarşılaşmadan sonra rəqib məşqçi Qrem Koflana bir şüşə "Antinori Tiqnanello" şərabını təqdim edib.

Oyun 4-2 hesabı ilə "qırmızı şeytanlar"ın xeyrinə yekunlaşıb.

Bundan əvvəl Koflan Ten Haqın şərab içmədiyini bildirərək onunla zarafatlaşmışdı. Ten Haq isə cavabında ona şərab hədiyyə edərək bu sözləri deyib: “Bu, həqiqətən də Ser Aleks Fergüsonun seçdiyi çox gözəl şərabdır, ona görə də bəlkə sizin xanımınızın xoşuna gələcək”. Bu haqda "The Daily Mail" nəşri məlumat yayıb.