Tərlan Quliyev: "Qələbənin ardını gətirmək lazımdır"

“Milli komandanın heyətində ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi”. SportLine.az AFFA-nın rəsmi saytına istinadən  xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Tərlan Quliyev deyib.

Yoxlama görüşündə Qətərlə qarşılaşan komandamız 2:1 hesablı qələbəyə sevinib.

Matçdan sonra görüşdəki ilk qolun müəllifi olan “İnter”in futbolçusu fikirlərini bölüşüb: “Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək. Meydanda əzmkarlıq nümayiş etdirdik. Qələbənin ardını gətirmək lazımdır. Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibidir. Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi, biz də bunu bacardıq”.