“Timsahlar”ın Prosineçki ovu - LAYİHƏ
SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində səkkizinci yazını təqdim edir.
Sonuncu yazımızda Şimali İrlandiya ilə Bakıda keçirilən oyundan bəhs etmişdik. Bu da təsadüfi deyildi. Həmin qarşılaşmada layiq olmadığımız məğlubiyyətlə üzləşməklə yanaşı qrupda ikinci yerə iddiamızı, eyni zamanda da motivasiyamızı da itirmişdik. Aktivində cəmi 7 xal olan Azərbaycan millisinin qalan oyunlarda ilk iki pilləni tutmaq üçün yox, 4-cü pillədəki yerini qorumaqdan ötrü mübarizə aparacağı dəqiqləşmişdi. Norveç millisi ilə səfərdə qarşılaşacağımızdan bu tapşırıq da xeyli çətin görünürdü. Bütün bunlar isə Prosineçkinin iddialarına uyğun deyildi. Xorvatiyalı çalışdırıcı daha böyük hədəflər uğrunda mübarizə aparmaq, bununla da Avropanın aparıcı klublarının və millilərinin diqqətini özünə cəlb etmək istəyirdi. Onun Azərbaycan millisindən tramplin kimi yararlanmağı arzulaması da məlum məsələ idi. Şimali İrlandiyaya uduzmağımız isə, bütün bu arzuların üzərindən xətt çəkdi. Bu oyundan sonra milli komanda ətrafında yeni təlatümlər başladı. Daha doğrusu, millimizin xorvatiyalı çalışdırıcısı Robert Prosineçkinin adı ətrafında. Hər nə qədər təkzib olunsa da, Şimali İrlandiya ilə oyundan sonra xorvatın əli işdən soyudu, onun Azərbaycan millisinə və AFFA ilə əməkdaşlığa olan həvəsi xeyli azaldı. Sözsüz ki, bunun səbəbi təkcə Şimali İrlandiyaya yenilgi deyildi...
Hər şey xeyli əvvəldən başlamışdı
Hələ ötəndəfəki yazımızda Prosineçkinin qışda Antalyaya yollanmaqdan imtina etməsi, təlim-məşq toplanışında olan klublarımızın düşərgəsinə baş çəkməməsini qeyd etmişdik. Halbuki daha əvvəldən millimizin baş məşqçisinin yeni il tətilindən sonra Zaqrebdən Bakıya dönəcəyi, oradan da Antalyaya qayıdacağı qeyd olunurdu. Gözlənildiyi kimi, Prosineçki Bakıya gəldi, hətta yanvarın 12-də 48-ci doğum gününün şərəfinə AFFA rəhbərliyindən təbriklər qəbul etdi, asossiasiyanın inzibati binasında xorvat mütəxəssis üçün tort da kəsildi. Amma hadisələrin sonrakı gedişatı əvvəlcədən planlaşdırılan ssenariyə uyğun davam etmədi. Yəni Prosineçki Antalyaya yollanmadı. Onun harada olduğu belə, uzun müddət qeyri-müəyyən və məxfi saxlanıldı. Millimizin baş məşqçisinin qəfildən xəstələndiyi, evində müalicə aldığı deyilsə də, onun xorvatiyalı köməkçiləri bu xəbəri təkzib etdilər. Antalyada olan, orada klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyən köməkçilər, Prosineçkinin səhhətinin qaydasında olduğunu, amma onun nə üçün Türkiyəyə gəlmədiyindən xəbərsiz olduqlarını bildirmişdilər.
Bütün bu müəmmalara yanvarın 21-də Həmzə Həmzəoğlunun “Bursaspor”dan ayrılmasından sonra aydınlıq gəlməyə başladı. Bəli, nə qədər qəribə görünsə də, məhz belə idi. Türkiyə Super Liqasının təmislçisinin baş məşqçisi olmağa ən real namizəd kimi, Robert Prosineçkinin adı hallanırdı. Türkiyənin nüfuzlu “Hürriyət” qəzeti yanvarın 23-də yazırdı ki, Bursa təmsilçisinin rəhbərliyi artıq xorvatiyalı mütəxəssislə danışıqlar aparıb və tərəflər arasında razılıq əldə olunub. Müqavilənin müddəti isə 2,5 il göstərilirdi. Prosineçkinin AFFA ilə müqaviləsi davam etdiyindən türklər bizimkilərlə də danışıqlara başlamışdılar. Bu məlumatların davamında “Bursaspor”un futbol şöbəsinin müdiri Yüksel Çolağın da Bakıya gəldiyi və AFFA rəhbərliyi ilə danışıqlara başladığı bildirilirdi. Türkiyə mətbuatının yazdıqları Bakıdakı etibarlı mənbələr tərəfindən də təsdiqlənirdi. Hətta “Bursaspor” rəsmilərinin paytaxtımızda kimlərlə görüşdüyü və hansı oteldə məskunlaşdığı belə dəqiqliyi ilə qeyd edilirdi. Bursalılar AFFA rəhbərliyini Prosineçki ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa razı sala bilməyincə xorvatiyalının yaya qədər iki yerdə işləməsini, Azərbaycan millisi ilə birlikdə “yaşıl timsahları” da çalışdırmasını təklif etsələr də, ortaq məxrəcə gəlmək mümkün olmadı. Prosineçkini AFFA-dan qopara bilməyən “Bursaspor” türkiyəli mütəxəssis Mutlu Topçu ilə anlaşdı və bu məsələ bir müddətlik qapandı.
Mutlu ilə “mutsuz son”
Amma Mutlu Topçu ilə “Bursaspor”un işbirliyi elə də uzun sürmədi. Türkiyə Super Liqasının 29-cu turunda “Qalatasaray”a 0:5 hesablı məğlubiyyət Topçu üçün “Bursaspor”un “sükanı arxasında” sonuncu oldu. Mövsümün sonuna beş tur qaldığından klub rəhbərliyi tələsik qərar verməməyi, komandanı müvəqqəti olaraq aşağı yaş qrupları üzrə komandalarda çalışan Adnan Örnəyə tapşırmağı üstün tutdu. Bu qərardan sonra isə gözlər Robert Prosineçkiyə çevrildi. Xorvatiyalı çalışdırıcı ilə danışıqlar yenidən qaldığı yerdən davam etməyə başladı. Həmin ərəfələrdə isə Robert Prosineçkinin Azərbaycan millisində ən gərgin günləri başlamışdı. Azərbaycan Premyer Liqası aprelin 29-da sona çatmış, Şimali İrlandiya ilə oyuna qədər qalan ay yarımlıq müddətdə milli üzvlərini formada saxlamaq vəzifəsi onun üzərinə düşmüşdü. Komandamızın təlim-məşq toplanışı və yoxlama oyunları keçirmək üçün yollandığı Avstriyada normal rəqib tapmağın mümkünsüzə çevrilməsi isə Prosineçkinin əhvalını daha da korlamışdı. Özü də yaxşı başa düşürdü ki, Şimali İrlandiya ilə məsul oyun öncəsi vəziyyət heç də ürəkaçan deyil.
Bütün bu detallar isə “Bursaspor”un xeyrinə idi. Belə gərgin məqamda Prosineçkini Azərbaycandan ayırmaq, Bursa klubunda çalışmağa razı salmaq elə də çətin görünmürdü. Mayın 26-də Türkiyə mətbuatı “Bursaspor” rəsmilərinin Avstriyaya yolanması və xorvatiyalı mütəxəssislə danışıqların orda davam etdiriləcəyini yazdı. Artıq Bakıda da Prosineçkinin Şimali İrlandiya ilə oyundan sonra millimizdən ayrılacağı, “Bursaspor”un başına keçəcəyi qızğın müzakirə olunurdu. Millimizin Şimali İrlandiya ilə oyunu ərəfəsində bu müzakirələr sürətlənmiş, hətta vacib oyundan daha çox bu barədə yazılmağa və danışılmağa başlamışdı.
Təsadüfi deyildi ki, həm oyundan əvvəl, həm də oyundan sonra Prosineçkiylə “Bursaspor”la danışıqlar barədə saysız-hesabsız suallar ünvanlanırdı. Millimizin baş məşqçisinin bu suallardan yayınmağa çalışdığı, narahatçılıq keçirdiyi hiss olunurdu. Bu ərəfələrdə AFFA rəhbərliyi isə israrla “Bursaspor”dan Prosineçki üçün heç bir təklif almadıqlarını, xorvatiyalı mütəxəssisin millimizdən ayrılacağı ilə bağlı fikirlərin əsassız olduğunu vurğulayırdılar. Aramsız suallar Prosineçkini də özündən çıxardı və Şimali İrlandiya ilə oyundan sonra mövzu ilə bağlı fikirlərini belə bildirdi: “ Mənim AFFA ilə ilin sonuna qədər müqaviləm var. Bəlkə mənim getməyimi istəyirsiniz? Mən AFFA prezidenti, baş katiblə danışmalıyam. Ondan sonra nə isə deyə bilərəm”.
Şimali İrlandiya ilə oyundan sonrakı növbəti iki gün qeyri-müəyyənlik içində keçdi. Prosineçkinin “Bursaspor”la danışıqlar apardığını təkzib etməməsi, bununla belə, son sözünü yalnız AFFA rəhbərliyi ilə görüşəndən sonra deyəcəyi məsələnin ciddiliyindən xəbər verirdi. Nəhayət ki, iki gün davam edən sükutu asossiasiyanın rəsmi saytı pozdu.
AFFA.az saytında Prosineçkinin adından yayılan açıqlamanın məzmunu isə belə idi: “Məlumat üçün bildirirəm ki, oyundan sonra ənənəvi olaraq AFFA-nın baş katibi ilə görüşdüm və oyunla bağlı hesabat təqdim etdim. AFFA rəhbərliyinə yaratdığı şəraitə uyğun olaraq millinin komanda şəklində göstərdiyi oyun barədə fikirlərimi ətraflı bildirdim. Baş katiblə eyni ofisdə, hətta bir mərtəbədə işləməyimizə, tez-tez görüşməyimizə baxmayaraq, belə hesabatlar hər oyundan sonra olur. Çox şadam ki, AFFA rəhbərliyi işimdən razıdır və komandanın nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirir. Bu etimadı doğrultmaq üçün seçmə mərhələnin qalan 4 oyununda da var gücümüzlə çalışmağa səy göstərəcəyik.
O ki, qaldı son günlərdə bəzi KİV-də yayılan məlumatlarla, xüsusilə də “Bursaspor”la bağlı təkliflərlə əlaqədar bildirmək istərdim ki, bu hər bir işçi üçün normal haldır. Bu onu göstərir ki, AFFA tərəfindən yaradılan şəraitə əsasən görülən işlər xarici futbol mütəxəssisləri tərəfindən də dəyərləndirilir. Məhz bu səbəbdən də son vaxtlarda adım müxtəlif klublarla birgə hallandırılır. Konkret olaraq, qeyd etmək istərdim ki, AFFA ilə seçmə mərhələnin sonuna qədər müqaviləm var və assosiasiya işimi sona qədər davam etdirməyimi istəyir. Mən də bu fikirdəyəm. Hal-hazırda yaranan fasilə ilə əlaqədar ailəmlə birlikdə ölkəmə gedəcəyəm. Püşkə uyğun olaraq isə Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək klublarımızın oyunlarını diqqətdə saxlayacağam. Avqust ayında isə Azərbaycana dönəcəyəm, Premyer Liqanın yeni mövsümünün oyunlarını izləyəcəyəm, millinin seçmə mərhələ çərçivəsində keçirəcəyi qarşılaşmaların hazırlığına başlayacağıq”.
76 gün davam edən ayrılıq
Həmin açıqlamanın ardından Robert Prosineçki Bakını tərk etdi və ailəsi ilə birlikdə vətəninə yollandı. Bundan düz 10 gün sonra, yəni iyunun 23-də “Bursaspor” fransalı mütəxəssis Pol Le Quenlə iki illik müqavilə imzaladı. Bu həm də o demək idi ki, Türkiyə klubunun rəsmiləri “Prosineçki dəftəri”ni birdəfəlik bağladılar və onunla əməkdaşlıqdan vaz keçdilər. Gözləmək olardı ki, “Bursaspor”un baş məşqçi tapması Prosineçkini də sakitləşdirəcək, onun əvvəlki əhval-ruhiyyəsi qayıdacaq və yenə də həvəslə Azərbaycan millisini çalışdırmağa davam edəcək. Amma bu baş vermədi. İyunun 13-də Bakını tərk edən Prosineçkidən uzun müddət xəbər olmadı. Onun klublarımızın avrokubok qarşılaşmalarını izləyəcəyi, bu məqsədlə AFFA-dan oyunların vaxtı və məkanı əks olunan qrafiki aldığı deyilirdi. Təmsilçilərimizin Çempionlar Liqasında və Avropa Liqasının təsnifat mərhələsində keçirdiyi oyunlar zamanı Prosineçki tribunalarda görünmədi. Avqustun 11-də, Prosineçkinin Bakını tərk etməsindən təxminən iki ay ötəndən sonra ölkə çempionatı “Neftçi” – “Qarabağ” qarşılaşması ilə start götürdü. Millimizin baş məşqçi hələ də Bakıya qayıtmamışdı. Onun bu qəribə davranışları, Azərbaycan futboluna etinasız münasibəti artıq müəyyən şübhələrə, söz-söhbətlərə də rəvac vermişdi. Xorvatiyalı çalışdırıcının AFFA-dan incidiyi, millimizin də qarşısında heç bir hədəf qalmadığına görə geri dönmək istəmədiyi bildirilirdi.
Bu iddiaların gücləndiyi bir məqamda Prosineçki Bakıya qayıtdı. Lakin o, Premyer Liqanın II turuna da özünü çatdırmağı lazım bilmədi. Millimizin çalışdırıcısı 76 günlük ayrılıqdan sonra paytaxtımızda göründü. Avqustun 26-da “Azərsun Arena”da keçirilən “Qarabağ” – “Qəbələ” qarşılaşmasını izləyən xorvatiyalı mütəxəssis jurnalistlərlə açıqlamasında yay tətilində olduğunu, ən azı müqaviləsinin sonuna qədər millimizi çalışdırmağa davam edəcəyini bildirdi. Onun işinə əvvəlki tək can yandırmadığı isə hiss olunurdu. Elə bunun nəticəsi idi ki, əvvəllər Bakıda yaşayacağını, milliyə namizədlərin axtarışına diqqət ayıracağını deyən Prosineçki yay tətilini Norveçlə səfərdəki oyuna altı gün qalmışa qədər uzatmışdı. Bu laqeydlik isə öz nəticəsini sentyabrın 1-də Osloda göstərdi. Millimiz seçmə mərhələdə ən zəif oyununu keçirdi və 0:2 hesabıyla məğlub olmaqda 4-cü pilləni də rəqibə təhvil verdi. Bu nəticə “Niyə də yox” eyforiyası”nın rəsmən başa çatması demək idi.
Bəxtiyar Musayev: “Bursaspor”la danışıqlar AFFA ilə Prosineçkinin arasını soyutdu”
Bir zamanlar millimizin əsas simalarından sayılan, hazırda “Zaqatala”nın idman direktoru vəzifəsində çalışan Bəxtiyar Musayev də Prosineçkinin “Bursaspor”la danışıqların alınmamasına görə məyus olduğunu və bu məyusluğun millinin çıxışına təsir etdiyini düşünür. Ötən illərin məşhur futbolçusu məhz bu səbəbdən də uğurlu start verdiyimiz seçmə mərhələni bədnin notlarla bitirdiyimizi düşünür.
- Son seçmə mərhələni iki hissəyə bölmək lazımdır. Təkcə nəticə baxımından demirəm, həm də oyun üslubunu nəzərdə tuturam. Mərhələnin startı bizim üçün əsl şirin yuxu idi. Futbolçularımız qol vurur, nəticə qazanırdılar. Özlərinə inamları artmışdı. Etiraf edək ki, əvvəllər bu cür oyuna şahid olmurduq. Nəticələr isə daha çox təsadüfi xarakterli idi. Bu dəfə isə görürdük ki, biz yaxşı nəticəni layiqli və baxımlı oyunla qazanırıq. Düşünürəm ki, hər şeyə Şimali İrlandiya ilə Bakıdakı oyunda son qoyuldu. Layiq olmadığımız bir məğlubiyyət idi. Bunun üzərindən heç üç ay keçməmiş, Norveçlə oyunda komandamızı tanıya bilmədim. Əvvəllər meydanda can qoyan futbolçular həvəssiz görünürdülər. Sanki Foqtsun dövrünə qayıtmışdıq. Prosineçkinin komandasını heç vaxt belə görməmişdim. Təşkilatlanmış oyundan, cəsarətli hücum cəhdindən əsər-əlamət yox idi. Fikirləşirdim ki, “səfər sindromu” yenə özünü göstərdi. Amma Çexiya ilə Bakıdakı oyunda da oxşar ssenari davam etdi. Bir sözlə, sona doğru komandamız heç də yaxşı təsir bağışlamadı.
- Sizcə, buna səbəb nə idi?
- Biz komandanın içində olmamışıq, o səbəbdən də ancaq ehtimallar üzərindən danışa bilərik. Kənardan etdiyimiz müşahidələrə əsasən nəticə çıxararıq. Bildiyim qədəri ilə Robert Prosineçki ilə AFFA rəhbərliyi arasında fikir ayrılığı yarandı. Bilirsiz ki, “Bursaspor” rəsmiləri xorvat mütəxəssisi aparmaq üçün Bakıya da gəlmişdilər. Özü də getmək istəyirdi. Bu cür söz-söhbətlər sonda anaşılmazlığa səbəb oldu. Həmin söz-söhbətlər soyuqluqla, millinin oyununda geriləməylə nəticələndi. Şimali İrlandiyaya məğlubiyyət bizim üçün dünyanın sonu deyildi. Biz ən azından 3-cü yer uğrunda mübarizəni davam etdirə bilərdik. Çünki elə əsas rəqiblərimizlə oynayacaqdıq. Amma bu proseslər həm Prosineçkini millimizdən soyutdu, həm də futbolçularımızda ruh düşkünlüyü və psixoloji gərginlik yaratdı. Qəribədir ki, “Bursaspor” inadla Prosineçkini Azərbaycandan qoparmağa çalışırdı. Sanki prinsipə çevrilmişdi.
- Necə düşünürsünüz, 2-ci pilləyə şansımız davam etsəydi, Prosineçki “Bursaspor”u yox, millimizin gələcək oyunlarını düşünüb, özünü yenə əvvəlki həvəslə işə həsr edəcəkdimi?
- Biz əla start sayəsində ikinci pilləni tutmuşduq və bir-neçə ay orda qaldıq. Uzun müddət orda qalacağımıza inanmırdım. Hələ həmin vaxtlar məndən soruşan olanda bunu deyirdim. Bizim futbol hələ Çexiyanı və Norveçi qabaqlamır. Nəinki Şimali İrlandiyanı. İndiki vəziyyətdə bu komandaların hansınısa geridə qoysaydıq, bu da bizim üçün uğur sayılacaqdı. Uşaq futbolundan tutmuş üzü yuxarı nəyi müqayisə etsək, onlardan geri qalarıq. İllərdir bir çox mövqelərə yaxşı səviyyəli futbolçu yetişdirə bilmirik. U-21 komandamızın oyununa baxanda ürəyimiz ağrıyır. Bütün bunları nəzərə alanda 2-ci pilləni əldən verməyimizə görə təkcə Prosineçkini qınaya, onun “Bursaspor”la danışıqlar aparmasını buna səbəb göstərə bilmərik. Amma onunla razılaşa bilərəm ki, bu gərginlik və soyuqluq olmasaydı, Norveç və Çexiyaya qarşı daha yaxşı oyun sərgiləmək mümkün idi. Belədə nəticələr də daha yaxşı olardı. Amma qətiyyətlə də demək olmaz ki, başqa məşqçi həmin vaxt gəlsəydi, nəticələr yaxşılaşacaqdı.
- Problemləri sadaladınız. Bəs onlardan çıxış yolunu nədə görürsünüz?
- Rayonlara, bölgələrə “böyük futbol” mütləq qayıtmalıdır. Başqa cür mümkün deyil. Hazırkı vəziyyətdə eyforiyaya qapılıb, böyük nəticələr arxasınca qaçmağın mənası yoxdur. Əvvəlki illərdə Azərbaycanda futbol belə inkişaf edib. Bölgələrdən istedadlar tapılıb, onları üzə çıxarıb paytaxta gətiriblər, “Neftçi”də inkişafına çalışıblar. Uşaq futbolunun problemlərini öyrənməli, ora diqqəti artırmalıyıq. Qurban Qurbanovun gəlişindən çox şey gözləyirik. Ümid edirik ki, futbola baxış dəyişiləcək. Yeniyetmələrin inkişafı üçün vahid proqram hazırlanacaq. Əks halda, baş məşqçinin işi çətin olacaq. Möcüzəyə ümid etməməliyik. Möcücəzini gerçəkləşdirmək üçün ciddi addımlar atmalıyıq. Bunu “Qarabağ” isbatlayıb. Özündən 10-20 qat üstün rəqiblərlə oyunlarda göstərib ki, düzgün iş aparılanda, komandada inam olanda nəticə qazanmaq mümkündür. Mənə elə gəlir ki, bundan sonra millidə ruh düşkünlüyü olmayacaq. Qurban Qurbanov neçə illərdir bunu işi ilə sübut edib. O, futbolçuları rəqibə qarşı hazırlamağı, düzgün kökləməyi bacarır. “Atletiko”ya, “Kopenhagen”ə qarşı oyunlar bunu sübut edib. Fürsətdən istifadə edib “Qarabağ”ın məşqçilərinə və futbolçularına Qurban Qurbanov başda olmaqla təşəkkürümü ünvanlayıram. Onlar boylarından yuxarı tullanmaqla bizi sevindirməyi bacarıblar. Klubdan fərqli olaraq, millidə qısa müddətdə böyük uğur qazanmaq çətindir. Yeni nəsil gəlməli, onlar daha hazırlıqlı və yüksək səviyyədə peşəkarlar kimi yetişdirilməlidir. Millidə rəqabət olmalıdır. Qurban Qurbanov da ürəklə çalışacaq. Öz işini bilən mütəxəssisdir. Eyni zamanda da komandanın potensialını və problemlərinə bələddir. Bir az səbrli olmalıyıq. Zamanla irəliləməliyik. Çətin də olsa, buna çalışmalıyıq.
Göründüyü kimi, Bəxtiyar Musayev də Prosineçkinin adının “Bursaspor”la yanaşı hallanmasının millinin oyunlarına və nəticələrinə təsir etdiyini düşünür. Bu təsir isə təkcə Norveçə məğlubiyyətlə yekunlaşmadı, həm də milli komandamızın seçmə mərhələdəki hədəflərini də dəyişdi. Növbəti yazılarımızda dəyişən hədəflərdən və üfüqdə nələrin görünməsindən söhbət açacağıq.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir