Tofiq Bəhramov haqqında bilmədiklərimiz - OĞLUNUN DİLİNDƏN
"Əvvəllər beynəlxalq dərəcəli hakim olmaq asan məsələ deyildi"
Tofiq Bəhramovu tanımayan varsa, deməli o, nəinki futbolla, heç idmanla maraqlanmır. Əksəriyyət isə dahi həmyerlimizin sadəcə adını eşidib, ən yaxşı halda, 1966-cı il Dünya Çempionatının final oyununda verdiyi qərarla tanıyır. Halbuki, görkəmli hakimin iştirakı ilə başqa mühüm futbol görüşləri də baş tutub. 1968-ci ildə Çempionlar Liqası yarımfinal oyununda "Mançester Yunayted" - "Real Madrid", 1970-ci il Dünya Çempionatının yarımfinalında Braziliya - Uruqvay, 1972-ci il Klublararası Dünya Çempionatının finalında "Ayaks" - "İndependiyente" qarşılaşmaları həmyerlimizin iştirakı ilə keçirilib. Bu siyahıya başqa oyunları da əlavə edə bilərik. Belə ki, 1964-cü ildə beynəlxalq dərəcəli hakim statusu alandan sonra Tofiq Bəhramov SSRİ çempionatında, eləcə də, Avropa və dünyada bir-birindən mühüm oyunlarda ədalət qoruyucusu kimi çıxış etməyə başladı.
Tofiq Bəhramovu yaxından tanımaq üçün oğlu Bəhram Bəhramovun qonağı olduq. Bu gülərüz və səmimi insan atası haqqında bilmədiyimiz dəyərli məlumatları bizimlə bölüşdü: Tofiq Bəhramovun ailədə necə biri olduğunu, onun xatirlərini, həyatı haqqında maraqlı məlumatları oğlunun dilindən eşitmək olduqca xoş idi.
Həmin söhbəti sizə təqdim edirik.
- Tofiq Bəhramov hakimliyə necə başlayıb?
- Atam əvvəllər futbolçu idi. "Neftçi" komandasında çıxış edirdi. Sonra ayağını sındırdılar. Zədəsi ciddi oldu deyə, həkimlər futbol həyatını davam etdirməyə icazə vermədilər. Ancaq o, futbolu o qədər sevirdi ki, ayrıla bilmədi. Hakim kimi futbolda fəaliyyətini davam etdirdi. Hakimlik kariyerası uğurlu oldu. Əvvəl SSRİ səviyyəsində oyunlar idarə etməyə başladı. Daha sonra beynəlxalq dərəcə alaraq, dünya futbol arenasında bir-birindən mühüm oyunların iştirakçısı oldu.
- İdarə etdiyi oyunlarda futbolçular Tofiq Bəhramova tez-tez etiraz edirdilər?
- Yox. O, oyun başlayan kimi nəzarəti ələ almağı bacarırdı. Güclü xarakteri var idi. Özünə inanmı güclü idi. Ona görə də, heç bir oyunçu artıq hərəkət edə bilmirdi. Simulyasiya ilə atamı aldatmaq mümkün deyildi. Oyunçu yalandan yerə yıxılanda həmişə gülüşlə qarşılayardı və yaxınlaşıb həmin oyunçuya deyərdi: "Qalx ayağa, soyuq dəyər sənə" (gülür). 15 il ərzində O, heç bir oyunçuya qırmızı vərəqə göstməyib.
- Sözlərinizdən də aydın olur ki, Tofiq Bəhramov yaşıl meydanların sərt qayda-qanunlarını məharətlə qorumağı bacarıb. Bəs evdə necə, sərt nizam-intizam hökm sürürdü?
- Təbii ki, yox. Atam çox gülərüz, mehriban insan idi. Nə vaxt ki evdə olurdu, nəvələri ilə oynayırdı. Boş vaxtlarında nəvələrini götürüb bulvara gedirdi. Bizə qarşı həmişə mehriban olub. Tofiq Bəhramovun sərt qayda-qanunları heç vaxt evdə olmayıb.
- Bəs Tofiq Bəhramov kimi bir şəxsiyyətin övladı olmaq sizə hansısa imtiyazları verib?
- Biz sadə insanlarıq. Heç vaxt düşünməmişik ki, Tofiq Bəhramovun övladlarıyıq, - deyə başqa cür olaq. Artıq böyümüşük. Öz həyatımızı qurmuşuq. Sadə, sakit həyatımız var. İmtiyaz deməyək, amma həmişə hörmət edirlər. Məsələn, toya və ya hansısa məclisə gedəndə deyirlər - "Tofiq Bəhramovun oğlu gəlir". Əyləşmək üçün yaxşı yer təqdim edirlər. Yəni, hörmət edirlər, diqqət göstərirlər.
- Atanız futbol adamı idi. Yəqin, evinizə də tez-tez futbolçular qonaq olurdular. Həmin vaxtlarda hansı söhbətlər olurdu?
- Atam çox vaxt futboldan danışırdı. Həmişə ondan 1966-cı il finalını soruşublar. O da özündən əmin şəkildə bildirirdi ki, o epizodda qol var idi.
- 1966-cı il finalında baş verən məşhur hadisə haqqında danışarkən Tofiq Bəhramov həmin vəziyyətdə nə vaxtsa tərəddüd etdiyini deməyib?
- Əlbəttə, atamda həyəcan olub. Təsəvvür edin, "Uembli"də Dünya Çempionatının finalıdır. 100 min azarkeş var. Həmin epizod oyunun həlledici anıdır. Epizoddan sonra etiraz edən almanlar "cumurlar" sizin üstünüzə. Sizə sübut etməyə çalışırlar ki, qol deyil. Baş hakim də bütün yükü sizin çiyninizə atır ki, qərar səhv olsa, günahkar siz olasız. Təbii ki, həmin vaxt atamda da həyəcan olub. Ancaq sonradan hamı gördü ki, qərarda heç bir səhv olmayıb. Oyundan sonra baş hakim Qotfrid Dinst atama yaxınlaşıb demişdi ki: "Çox sağ ol, sən mənim reputasiyamı xilas etdin". Almaniyanın kapitanı Uve Zeler də etirazlara görə atama yaxınlaşıb üzr istəmişdi. Demişdi ki, video görüntülərə baxdıq, həqiqətən də qol var idi.
- Həmin qolun müəllifi Cefri Hertslə görüşəndə nələrdən danışmısınız?
- Azərbaycan futbolunun 100 illiyi üçün təşkil olunmuş tədbirdə Cefri Herts də var idi. Tədbir vaxtı onu, məni və Almaniyanın həmin vaxtkı qapıçısı Hans Tilkovskini səhnəyə çağırdılar. Mən onları barışdırdım, dedim ki, 50 illidir müahisə edirsiz. Bəsdir artıq. Barışın, amma qol var idi (gülür).
- Atanız tez-tez səfərlərdə olub. Müxtəlif ölkələrdə oyunlar idarə edib. Bəs həmin oyunlara baxanda hansı hisslər keçirirdiniz?
- Mən oyundan daha çox atama fikir verirdim. Epizodlarda onun qərarlarına diqqətlə nəzər yetirirdim ki, qərar səhv idi, yoxsa yox?! SSRİ çempionatının oyunları olurdu. Atam tez-tez həmin oyunlara təyinat alırdı. Həyatı demək olar ki, aeroportda keçib. Sizə maraqlı fakt deyim: Tofiq Bəhramov dünyanın 52 ölkəsində olub, amma Almaniyada heç vaxt olmayıb (gülür).
- Atanızın sizə ən dəyərli hədiyyəsi nə olub?
- Onun xatirələri, suvenirlər, şəkillər... Mənim ən dəyərli hədiyyələrimdir.
- Bəlkə Tofiq Bəhramov haqqında başqa nələrsə demək istəyirsiz? Hansı ki, onu çox az adam bilir, halbuki hamı bilməlidir?
- (Fikirləşir) Tofiq Bəhramov iki dünya çempionatında oyunlar idarə edib. Təsəvvür edin, azərbaycanlı bir hakim iki dünya çempionatının iştirakçısı olur... Qızıl fit alır. Bu elə-belə bir şey deyil e... SSRİ-də iki belə hakim olub: Nikolay Latışev və Tofiq Bəhramov. Belə insanlar 100 ildən bir doğulur.
Əvvəllər beynəlxalq dərəcəli hakim olmaq da çətin məsələ idi. SSRİ dövründə rus imkan verməzdi ki, öz millətinin nümayəndəsi qala-qala azərbaycanlı birisi Dünya Çempionatına getsin. Bunun üçün çox güclü və bacarıqlı olmaq lazım idi. İndi hamıya FIFA referisi statusu verirlər. Halbuki, onlar dünya səviyyəli bir oyunu idarə etməyiblər. Tofiq Bəhramov, Rüstəm Rəhimov kimi hakimlər indi yoxdur. Bəlkə də, olmayacaq...