Türk futbolçu azərbaycanlı jurnalistə hücum edibmiş

Tanınmış telejurnalist Elnur Əşrəfoğlu Kubilay Türkyılmazla arasında baş vermiş mübahisədən danışıb.

Sportline.az xəbər verir ki, Elnur bəy "Futbol+” qəzetinə xatirələrini danışarkən 1996-cı ildə yaşanan hadisəyə də toxunub:

"İsveçrə yığmasını 1-0 udduq. Rəqib futbolçular məyusdular. Oyun bitən kimi mikrofonla Kubilay Türkyılmaza yaxınlaşıb ingiliscə sual verdim. O isə əli ilə mikrofonu itələyib danışmaq istəmədi. Həmin vaxt operatoruma öz dilimizdə "bunu belə-belə olsun, gedək başqası ilə danışaq" demişdim ki, Kubilay "ulan, bana mı küfür ediyorsun?" söyləyib yapışdı yaxamdan. Mən hardan bilim ki, bu bizim söyüşləri başa düşəcək.

Operatorum Səfər dərhal kameranı yerə qoyub tutdu Türkyılmazın yaxasından və "ala, sənə dedi, başqa sözün var?" deyib futbolçunu sağa-sola çəkib silkələdi. Səfər Kubilaydan ucaboy olduğu üçün əlindən çıxa bilmirdi. Bizim dalaşdığımızı görən İsveçrənin kapitanı Sfortsa yaxınlaşıb aranı sakitləşdirdi".

Elnur bəyin daha bir xatirəsi isə uzun müddət çalışdığı "İdman Azərbaycan” telekanalı barədə olub:

"İdman Azərbaycan"a rəhbərlik edirəm. Rəhbərliklə arada soyuqluq yaşanırdı, işdən ayrılmağa az qalıb. AZTV-nin sədri Arif Alışanov "İdman Azərbaycan"a nəzarəti Elşən adlı köməkçisinə tapşırıb. Elşənin isə idmandan anlayışı yox idi. İşə gəlsəm də, içəri girmirəm, AZTV-nin qarşısındakı çayxanada oturub, dostlarla söhbət edib gedirəm. Kənan adlı inzibatçımız hər dəfə yaxınlaşaraq "müəllim, xəbərləri kimin aparacağını yaz, Elşənə verim" deyirdi. Elşən də öz növbəsində həmin sənədi Alışanova təqdim edirdi.

Bir gün qələmi götürüb səhər filankəsin, günorta filankəsin, axşam isə Oleq Bloxinin xəbərləri aparacağını yazdım. Həmin vaxt da bizdə indi Rus Dram Teatrında aktyor işləyən Oleq adlı diktor var idi. Kənan kağızı aparır Elşənə. Elşən də futboldan bixəbər adam, kağızı qoltuğuna vurub gedir sədrin yanına ki, xəbərlərin cədvəlini tutmuşam. Arif müəllim də futbolu bilirdi, "axşam xəbərlərini Bloxin aparacaq" eşidəndə, soruşub ki, nə Bloxin?! Elşən də cavab verib ki, "Oleq Bloxin". Alışanov dərhal zəng edib "təcili otağıma gəl" söylədi. İçəri girən kimi "bəsdi də, yenə başlamısan köhnə işlərinə" deyib guya əsəbləşdi. Ancaq için-için güldüyünü hiss etdim".