UEFA millimizin oyunundakı erməni hakim-inspektoru dəyişdi

UEFA Millətlər Liqasının qrup mərhələsində III turun Monteneqro - Azərbaycan oyununun təyinatında dəyişiklik olub.

Sportline.az xəbər verir ki, UEFA matçın erməni əsilli hakim-inspektoru Paskal Qaribyanı avstriyalı Stefan Messnerlə əvəzləyib.

Messner bu qrupun Lüksemburq - Kipr matçına təyinat almışdı. Qitə futbol qurumu Azərbaycan və Ermənistan arasında baş verən hadisələrlə bağlı hakim-inspektorların yerini dəyişməyi məqsədəuyğun hesab edib.

Əslində Qaribyanın hakim-inspektor təyinatı barədə UEFA-nın rəsmi saytında heç bir məlumat olmayıb. Bu xəbər hakimlərə məxsus bloqda dərc olunub.

Digər tərəfdən, təyinatın dəyişdirilməsi ilə bağlı AFFA açıqlama verməyib. Lakin oyuna bir neçə gün qalmış təyinat dəyişirsə, bunun milli assosiasiyanın müdaxiləsi nəticəsində baş verdiyi aydın məsələdir.

Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.