Ukrayna çempionatı başa çatdırılır, "Şaxtyor" qalib elan olunur
Futbol üzrə Ukrayna Premyer Liqasında 2021/2022 mövsümü ölkədəki müharibə səbəbindən vaxtından əvvəl başa çatdırılacaq.
Sportline.az xəbər verir ki, bu barədə yerli jurnalist İqor Burbas paylaşım edib. Onun sözlərinə görə, qərar klub nümayəndələri ilə bugünkü iclasda qəbul olunub.
18 turdan sonra 47 xalı olan Donetsk "Şaxtyor"u çempion elan ediləcək. 45 xalla 2-ci pillədə yer alan Kiyev "Dinamo"su da daxil olmaqla, bütün klublar qərarın lehinə səs veriblər.
Qərar Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcək.
Ölkə kubokundakı nəticələr isə ləğv olunacaq. Avrokuboklara gəlincə, UEFA "Şaxtyor", "Dinamo", "Dnepr-1", "Zarya" və "Vorskla"ya lisenziya verməyi planlaşdırır.
Qeyd edək ki, Ukrayna Premyer Liqasında 2022/2023 mövsümünün keçirilməsi hələlik sual altındadır və hər şey müharibənin gedişindən asılı olacaq.