Uşu millimiz Çin Universiadasına hazırdır

Çinin Çenqdu şəhərində keçiriləcək Universiada yarışlarında uşu idman növü də təmsil olunacaq.

Sportline.az xəbər verir ki, bu növdə 4 çəki dərəcəsi üzrə idmançılar yarışacaq. Azərbaycanı 2 çəki dərəcəsində Pərviz Abıyev (60 kq) və Məhər Əsədzadə (70 kq) təmsil edəcək.

Azerbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərliyi ilə idmançılarımızı artıq 3 aydan çoxdur ki, bu yarışa gənclərdən ibarət komandanın baş məşqçisi Elçin Eminov hazırlaşdırır.

Elçin Eminov Sportline.az saytına yarışla bağlı təəssüratlarını bölüşüb: "Hər iki idmançımız Azərbaycan çempionatının qalibi olub. Bundan əlavə seçim döyüşlərində qalib gəldikdən sonra yığma komandanın heyətinə cəlb olunub. Məşqlərimiz fiziki və texniki hazırlıq üzərində qurulub əsasən. Hər iki idmançımızdan medal gözləyirik. Amma bu, dötyüş növü olduğu üçün əvvəldən nəsə demək olmur. Püşkdən çox aslıdır. Uşu Çin idman növüdür və bu yarış da Çində keçirilir. Buna görə də yerli azarkeşlər tərəfindən böyük maraqla gözlənilir yarış. Bu idman növü Asiya ölkələrində populyar olduğundan əsasən güclü rəqiblərin Asiya ölkələrindən çıxacağı gözlənilir. Lakin bizim də idmançılarımız zəif deyil. Bir neçə gün bundan öncə federasiya prezidenti Azər müəllim idmançılarla görüş keçirib. Psixoloji hazırlıq yüksək səviyyədədir. Çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək".