Velosipedlə tarixə qısa gəzinti
Latıncadan tərcümədə "cəld ayaqlar" anlamını verən velosipedin ixtirası ilə bağlı versiyalar kifayət qədərdir. Onlardan ən inandırıcısı fransız Jan Tesonun adı ilə bağlıdır. Onun 1645-ci ildə hazırladığı dörd təkərli nəqliyyat vasitəsi müasir velosipedə çox da bənzəmirdi.
1690-cı ildə isə digər bir fransız Sivrao Kontu metal halqalı iki taxta təkəri olan yeni velosiped hazırladı. Lakin bu velosipedin də əvvəlki kimi pedalı yox idi və buna görə də, sürəti istənilən səviyyədə deyildi.
Şotlandiyalı Kirk Patrik Mak Millanın 1839-cu ildə pedalı kəşf etməsindən sonra velosiped müasir görünüşünə daha da yaxınlaşdı. 1868-ci ildə təkərlərin metal örtüyü rezinlə əvəzləndi. Bununla da sürəti bir qədər də artırmaq mümkün oldu. Elə həmin il ilk velosiped yarışı keçirildi. Sent Klaudda təşkil olunan yarış bu nəqliyyat növünə marağı da artırdı. Nəticədə, 1881-ci ildə Fransa Velosiped Federasiyası yaradıldı.
1890-cı ildə ilk müasir velosiped ictimaiyyətə təqdim edildi. Artıq velosipedə zəncir və hava ilə doldurulan təkərlər əlavə edilmişdi.
Bir il sonra isə müasir qaydalara uyğun ilk velosiped yarışı keçirildi. Bordo-Paris və Paris-Brest-Paris veloturlarında yüzlərlə idmançı qüvvəsini sınadı.
1903-cü ildə isə ilk dəfə “Tur de Frans” yarışının təşkil olunması bu idman növünün dünyada məşhurlaşmasına təkan verdi.
XIX əsrin sonları – XX əsrin əvvəllərində velosipedin, həm nəqliyyat, həm də idman məqsədi ilə kütləvi istehsalına başlanıldı.
Amerikada isə bu idman növündə ilk yarışlar 1878-ci ilə təsadüf edir. Həmin vaxtdan mütəmadi olaraq veloturların təşkil edilməsi və bu idmanla məşğul olanların sayının artması ilə 1912-ci ildə ABŞ Həvəskar Velosiped Təşkilatı yaradıldı. XX əsrin əvvəllərində avtomobillərin kütləvi şəkildə yayılması velosipedə marağı bir müddət azaltsa da, tədricən əvvəlki şöhrətini qaytardı.
Hər il bir neçə növdə beynəlxalq velosiped yarışları təşkil olunur. Bu turnirlərin ən məşhuru və ən çətini isə 21 mərhələdən ibarət “Tur de Frans” veloyürüşüdür. Əvvəllər bu yarış 1900-cü ildə yaradılan Beynəlxalq Həvəskar Velosiped Federasiyası (FICA) tərəfindən təşkil edilirdi. 1993-cü ildə təşkilatın ləğv olunmasından sonra bu yarışın təşkili Beynəlxalq Velosiped Federasiyanın (UCI) himayəsinə keçdi. Hazırda da BVF velosiped idmanı yarışlarının təşkilində ən nüfuzlu qurum hesab olunur.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir