Vlahoviç təkzib etdi: "Ronaldunun evində niyə yaşamalıyam?"
"Yuventus"un yeni transferi Duşan Vlahoviçin Turində Kriştianu Ronaldunun qaldığı evdə yaşayacağı ilə bağlı xəbərlər yayılıb.
Sportline.az xəbər verir ki, serb hücumçu bu iddialara münasibət bildirib.
"Tuttomercatoweb" saytı Vlahoviçin sözlərini belə çatdırır: “Ev axtarıram. Əlbəttə ki, Kriştianunun evi olmayacaq. Orada niyə yaşamalıyam? Təvazökar olmalıyam. Məni ev və ya başqa şeylər maraqlandırmır. Sadəcə oynamaq, təkminləşmək və qalib gəlmək istəyirəm”.
Qeyd edək ki, "Fiorentina"nın Vlahoviç üçün "Yuventus"dan 70 milyon avro alacağı bildirilib. Daha 10 milyon avro isə bonus olaraq ödəniləcək. Agentlik haqları 11,6 milyon avro təşkil edib.
Xatırladaq ki, bu mövsüm İtaliya A Seriyasında 21 matçda iştirak edən Duşan 17 qol vurub və 4 məhsuldar ötürmə verib.