"Xan Lənkəran"da koronavirus şoku: 10 nəfər Antalyada qaldı

"Xan Lənkəran" Antalya təlim-məşq toplanışını başa çatdırıb. 

Sportline.az xəbər verir ki, komanda bu gün artıq axşam saatlarında komandamız artıq vətənə geri dönür.

Ancaq Lənkəran təmsilçisi problemlə üzləşib. Belə ki, təlim-məşq toplanışını bitirdikdən sonra heyətin bir neçə üzvünün COVID-19 analizinin nəticəsi pozitiv çıxıb. Ümumilikdə, 10 nəfərdə bu hal qeydə alınıb. Sözügedən şəxslər komandanın vitse-prezidenti Rəhman Abbasov, baş məşqçi İbrahim Uzunca, mətbuat xidmətinin rəhbəri Famil Məmmədov, həkim Elşən Əkbərov, qida sektoruna nəzarətçi Anar Əzimov, futbolçular Orxan Sadıxlı, Kamran Abdullazadə, Cavidan İzzətli, Vadim Kərimov və Vüqar Rəhimovdur.

30 nəfərlə toplanışa qoşulan "Xan Lənkəran" klubunun digər üzvləri bu gün artıq Azərbaycana geri dönürlər.

Onu da bildirək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan şəxslərin səhhətlərində ciddi heç bir problem yoxdur. Təyin edilmiş karantin müddəti bitdikdən sonra onlar da Azərbaycana qayıdacaqlar.