Xorxe Sampaoli: "Qarabağ" bu turnirdə topa ən çox sahib olan komandadır"
"Rəqibimiz bu turnirdə topa ən çox sahib olan komandadır".
Sportline.az xəbər verir ki, bunu Fransanın "Marsel" klubunun baş məşqçisi Xorxe Sampaoli evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Argentinalı mütəxəssis sabahkı matçda əsas hədəflərinin qələbə qazanmaqdan ibarət olduğunu bildirib: "Məqsəd yeni turnirlə tanış olmaq, hədəfimiz isə qalib gəlməkdir. Konfrans Liqasında və Liqa 1-də nə qədər irəli gedə biləcəyimizi görmək istəyirik. Ən yaxşı oyunçular təkcə sabah deyil, bazar günü "Klermon"a qarşı da oynayacaqlar".
62 yaşlı baş məşqçi sıx qrafik dövrünə qədəm qoyduqlarını söyləyib: "Bütün tapşırıqları yerinə yetirmək üçün rotasiyalar etməliyik. Futbolçularımız oynamağa hazırdır və biz hamıya eyni dərəcədə diqqət yetiririk".
Sampaoli 37 yaşlı qapıçı Stiv Mandandanın meydana çıxmağa hazır olduğunu vurğulayıb: "Təcrübəli qolkiper bu gərgin qrafikdə yararlana biləcəyimiz oyunçulardandır".
O, fevralın 24-də Bakıda baş tutacaq cavab görüşünə də toxunub: "Bu, hər kəs üçün təcrübə olacaq. Evdə bu cür matçlara öyrəşmiş komanda ilə oynamaq asan olmayacaq, İki qarşılaşma arasında vaxtrın az olması böyük çətinlik yaradacaq".
Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.