Dünya kubokunun qalibi olan azyaşlı şahmatçımızın atasından ÖZƏL AÇIQLAMALAR

Azərbaycanın yeniyetmə şahmatçısı Cahandar Azadəliyev rapid üzrə Dünya Kubokunun qalibi olmuşdu.

Sportline.az saytına danışan şahmatçının atası Seyhun Azadəliyev suallarımızı cavablandırıb.

- Cahandarı təbrik edirik. Bir ata kimi təəssüratlarınız necədir?
- Təşəkkür edirəm. Təbii ki, qürurvericidir. Hər valideynə arzu edirəm.

- Cahandar bu yarışa necə hazırlaşırdı?
- Düzünü desəm, fərqli bir üslubda hazırlaşmamışıq. Həmişə olduğu kimi, bu dəfə də gündə 6-7 saat məşq edirdik.

- Bu yaşda bu uğurları qazanmaq xüsusi istedad tələb edir, yoxsa çoxsaylı məşqlərin nəticəsidir?
- Zənnimcə istedadsız ötüşməz. Amma istənilən istedadın arxasında daimi məşqlər durmalıdır. Əks təqdirdə əvvəl-axır istedad tükənəcək.

- Federasiya Cahandara necə dəstək olur?
- Məhz Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə bu yarışa qatılmışıq. Əməyi keçən hər kəsə təşəkkür edirəm.

- Cahandar qarşıda hansı yarışlara qatılacaq?
- 1 həftə sonra Moskvaya uçuruq. Botvinnik adına turnirdə iştirak etməliyik.

- Qrossmeyster ünvanını neçə yaşında qazana bilər?
- Buna böyük maliyyə dəstəyi lazımdır. Lazımi dəstək ola bilsəm, çox uzun çəkməz. Cahandar özündən asılı olan hər şeyi edir. Qalanı artıq onun yükü deyil.

- Şahmat sevgisi dərslərinə mane olur?
- Sevdiyi dərslərlə məşğul olur. Amma hər fənnə lazım olan qədər vaxt ayıra bilmir. Nəyəsə nail olmaq üçün mütləq nədənsə məhrum olmalısan.

- Kumiri hansı şahmatçıdır?
- Azərbaycan şahmat elitasının hamısı. Xaricilərdən isə hindistanlı Vişvanatan Anand.

Qeyd edək ki, Cahandar Azadəliyev 12 yaşadək şahmatçılar arasında onlayn formatda keçirilən yarışda bütün görüşlərini qələbə ilə başa vurub.10 mümkün xaldan hamısını toplayan Azadəliyev  çempionluq tituluna sahib çıxıb.