5 boksçumuz AÇ-nin medalını təmin edib

Azərbaycan millisinin 5 üzvü Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında medalı təmin edib.

Sportline.az xəbər verir ki, Marjona Savriyevadan (50 kq) sonra daha 4 boksçu yarımfinala yüksəlməklə minimum bürünc mükafatı təmin edib.

Tural Sarıyev (48 kq) 1/4 finalda irlandiyalı Padraiq Dovneyi 5:0 (30:26, 30:27, 30:26, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Muşeq Bayanduryanla (Rusiya) döyüşəcək.

Həmin raundda Fares Al-Assini (İtaliya) 5:0 (30:27, 30:27, 30:27, 30:25, 30:27) hesablı qələbə ilə mübarizədən kənarlaşdıran Avropa çempionu Nicat Hüseynov (51 kq) finala gedən yolda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirəcək.

Əzrək Bəbirov (57 kq) 1/4 finalda irlandiyalı Pirs Keridən üstün olub - 5:0 (28:27, 29:26, 29:26, 29:26, 29:26). O, növbəti görüşündə Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gələcək.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev (80 kq) Almaniya təmsilçisi Delil Dadayevə 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Milli üzvü yarımfinalda fransalı Yojerlin Sesarla gücünü yoxlayacaq.

Digər boksçulardan Ruslan Qədirov (54 kq) və Maqsud Xasmetov (60 kq) 1/4 finalda məğlubiyyətlə üsləşiblər.

Qeyd edək ki, yarımfinal görüşləri bu gün keçiriləcək.