7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının ilk qalibləri müəyyənləşib

Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” başlanıb.

Sportline.az xəbər verir ki, 12 ölkədən  4 mindən çox idmançı uşağın qüvvəsini sınadığı yarışlardailk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan 200-ə yaxın uşaq ağır atletin qatıldığı turnirdə körpücük üzərinə hamıdan öncə zərif cinsin nümayəndələri qalxıblar. Qızlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən ediblər. Maraqlı mübarizə şəraitində keçən yarışda toplam 114 kq (54+60) nəticə və 198.4 Sinkleyr xalı ilə türkiyəli Nurgül Yüksel qızıl medala sahib çıxıb. İkinci pilllədə toplam 117 kq (53+64) nəticə və 186.4 xalla gürcüstanlı Mariam Maysuradze qərarlaşıb. Üçüncü yeri toplam 107 kq (45+62) və 174.3 xalla Azərbaycan atleti Selcan Qarayeva tutub.

Ağır atletika üzrə yarışlar bu gün yekunlaşacaq.