7 oyunluq seriya və 0:17
"Sumqayıt" Premyer Liqanın XXXIV turunda "Sabah"a uduzdu - 0:4.
Sportline.az xəbər verir ki, "kimyaçılar" bu mövsüm "futuristlər"ə qarşı keçirdiyi dördüncü oyunda da meydanı məğlub tərk etdi. "Gənclik şəhəri" təmsilçisi bu görüşlərdə 17 qol buraxıb və fərqlənə bilməyib.
"Sumqayıt" 7 oyundur, "Sabah"ı məğlub edə bilmir. Komanda bu görüşlərdə cəmi bir dəfə heç-heçə edə bilib.
"Sumqayıt" sonuncu dəfə 2021-ci ilin avqustunda Masazır təmsilçisinə qalib gəlib - 2:1.
"Kimyaçılar" bu mövsüm sərgilədiyi oyunla ciddi tənqidlərə məruz qalır. Mövsümün əvvəlində Aleksey Baqa ilə qol vurmaqda belə çətinlik çəkən "gənclik şəhəri" təmsilçisi baş məşqçi postuna Samir Abasovun gəlişindən sonra bir neçə oyunda yaxşı çıxış etsə də, qeyri-stabillik komandanı rahat buraxmır. "Sumqayıt" sonuncu sırada yer alan "Şamaxı"dan cəmi 4 xal irəlidədir və riyazi hesablamalara görə, komandanın elitanı tərk etmək ehtimalı var.
"Sumqayıt" qarşıdakı iki turda ilk "beşlik"də yer alan komandalarla üz-üzə gələcək. Abasovun rəhbərlik etdiyi kollektiv növbəti turda səfərdə çempion "Qarabağ"la qarşılaşacaq, son görüş isə Sumqayıtda "Zirə"yə qarşı olacaq.