"90 dəqiqə nə lazımdırsa, onu da etməliyik" - Qurban Qurbanov
"Son oyunumuza çıxırıq. Hər iki komanda üçün vacib qarşılaşmadır. İlk gündən Kosovoya çox böyük qiymət vermişdim. Fərdi ustalıq səviyyəsi yüksək olan futbolçulara qarşı oynamaq çox xoşdur. İnanıram ki, futbolçularımız sabah əllərindən gələnin ən yaxşısını ortaya qoyacaqlar. Komanda olaraq, buna hazırıq".
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov səfərdə Kosovo ilə keçirəcəkləri UEFA Millətlər Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Rəqib həmkarınız Bernar Şalland Azərbaycanı favorit kimi gördüyünü bildirdi. Bəs siz kimi favorit görürsünüz?
- Xoş sözlərə görə ona təşəkkürümü bildirirəm. Bu gün əlavə fikirlər bildirsəm, tərif olacaq. Bu komandanın böyük potensialı var. Həm azarkeşlər, həm də doğma meydan amili rəqib tərəfdədir. Xal fərqində də öndədirlər. Amma mən Farer adaları ilə oyundan sonra da demişdim ki, Kosovoya qələbə üçün gedirik. Bunu futbolçular da dərk edirlər. Amma mənim üçün göstərilən oyun, ortaya qoyulan xarakterdir. Bunların hamısı düşündüyümüz kimi alınsa, uğur bizim tərəfdə olacaq. Amma bu dəqiqə kimin favorit olduğuna dair fikir yoxdur. Səfərdə oynayırıq və nəticə üçün nə lazımdırsa, onu fikirləşirik.
- Azərbaycan birinci oyunda daha yaxşı təsir bağışlayır. Düşünmürsünüz ki, sabah yorğunluq da öz sözünü deyə bilər?
- Fiziki yorğunluq ola bilər. Amma bu haqda düşünmürük. İki gün istirahət vaxtımız olub. Rəqibdə də bu, eynidir. Amma bizdə əlavə amillər olmalıdır ki, qalib gələk. Bizə heç bir maneə ola bilməz. 90 dəqiqə nə lazımdırsa, onu da etməliyik.
- Rəqib özü etiraf etməsə də, müdafiə futbolu oynayacağı aydındır. Bu halda istəyinizə çatmaq çətin olmayacaq?
- Hər bir halda rəqib öz meydanında oynayır. Futbolçuları hücumameyllidirlər. Baş məşqçiləri təcrübəli, bacarıqlıdır. Daha düzgün qərarı baş məşqçiləri verəcək. Hücumda çıxış etməyə maksimum çalışacağıq. Onları nə qədər məcbur etsək, onlar o dərəcədə müdafiədə oynayacaqlar. Amma rəqibin hücum potensialı böyükdür.
- Rəqibin hücumlarına qarşı necə müdafiə olunmaq istəyirsiniz?
- Kosovo hücum potensialından çox düzgün istifadə edir. Amma həmişə demişəm ki, hücumda ola-ola düzgün müdafiə olunmağı bacarmalıyıq. Müdafiədə fərdi bacarığımız çox olmalıdır ki, rəqibin hücumlarının sayı az olsun və onların qarşısını ala bilək.
- Pavel Paşayevin və digər futbolçuların hazırkı durumu necədir?
- Paşayevlə bağlı qərar sabah veriləcək. Kamran Ağayev oynamayacaq. Qalanlarının kiçik zədələri var. Düşünürəm ki, oyunadək tam hazır olacaqlar. Çox istərdim ki, futbolçular sağlam olsunlar. Amma mən zədələri düşünmək istəmirəm. Sabah meydana hər bir futbolçunu ürəklə buraxa bilərəm. Bunun üçün onların istək və həvəslərini görürəm.
- Kamran Ağayev canlı efirə bağlanaraq, ağlaya-ağlaya bir ayaqla da olsa, qapıda durmağa hazır olduğunu bildirib. Bununla bağlı nə deyə bilərsiniz?
- Kamranla nə lazımdırsa, danışmışıq. Çox insan narahatdır, o cümlədən Kamran. Hamı bu oyunu gözləyir. Bütün futbolçuların bizimlə olmalarını istəyirik. Bizimlə olmayanlar da istəklərini televiziya və ya internet vasitəsilə göstərirlər. Təşəkkür edirəm. Hamımız birgə olmalıyıq. Kamrana isə tezliklə zədəsini sağaldaraq, sıraya dönməsini arzulayırıq.
- Farer adaları ilə oyunla müqayisədə hansı dəyişikliklər gözləyirsiniz?
- Əsas heyət bəllidir. Amma sabahadək vaxt var. Amma hansı futbolçunun nə formada olması bizim üçün vacibdir. Amma həkimlərlə məsləhətləşmələrdən sonra qərar verəcəyik.