"Abşeron"un türkiyəli basketbolçusu uzun müddət Azərbaycanda qalmaq istəyir

"Abşeron"un türkiyəli basketbolçusu Ömər Yavaş uzun müddət Azərbaycanda qalmaq istəyir.

Sportline.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Ö.Yavaş qısa müddətdə ölkəmizə uyğunlaşdığını vurğulayıb:

“Azərbaycana çox qısa müddətdə uyğunlaşdım. Gözəl insanlarla tanış oldum. Belə atmosferdə, dəyər gördüyüm ölkədə uzun müddət oynamaq istəyindəyəm. Ümid edirəm ki, menecerlər, baş məşqçilər də haqqımda eyni şəkildə, müsbət düşünürlər”.

Basketbolçu mövsümün tez bitməsini istəmir:

“Komanda kimi yaxşı oyun nümayiş etdirdik. Növbəti dəfə belə mübariz olsaq, qalib gəlmək şansımız artacaq. Mövsümün tez bitməsini istəmirik və buna görə də mümkün qədər irəli getmək üçün əlimizdən gələni edirik”.

O, pley-off mərhələsində “Naxçıvan”a qarşı keçirəcəkləri sonuncu matçla bağlı da fikirlərini söyləyib:

“Bu, hər iki komanda üçün kritik qarşılaşmadır. Ona görə də gözəl və eyni zamanda gərgin matç olacaq. Şəxsən əlimdən gələnin ən yaxşısını edəcəyəm. Komanda şəklində hərəkət etsək, hər bir çətinliyin öhdəsindən gəlmiş olarıq. Bunu mövsüm ərzində də sübuta yetirmişik”.

Ö.Yavaş Azərbaycan basketbolu haqqında fikirlərini bölüşüb:

“Bura gəlməyənə qədər çox böyük təəssüratım yox idi. Gəldikdən sonra isə gözəl rəqabət getdiyini gördüm. Yerlilər və ya legionerlər sonaqədər parket üzərində mübarizə aparırlar. Liqada çox dəyərli məşqçilər və oyunçular çıxış edir. Azərbaycan Basketbol Liqası dəyərləndirilməli çempionatdır”.