ACF-nin idman direktoru: "Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq"

"Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq".

Sportline.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini və idman direktoru Kamran Talıbov yeni yaradılan liqalarla bağlı təşkil olunan mətbuat konfransında deyib.

ACF rəsmisi yeni yaradılan liqaların məqsədindən danışıb:

"Liqaların yaradılmasında əsas məqsədlərdən biri ondan ibarətdir ki, yığılan xallar yığmaların formalaşmasında əhəmiyyət daşıyacaq. Bu yarışlarda Azərbaycan yığmasının məşqçiləri iştirak edəcək. Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq. Mükafat fondu da ayrılıb. Həm idmançı, həm məşqçi, həm də klublar üçün ayrılıqda mükafat nəzərdə tutulub. Bu həm də klublar arasında rəqabət yaradacaq. Reytinq xallarına görə mükafatlar təyin olunacaq. Bu həm də klublar arasında rəqabət yaradacaq".

O, keyfiyyətin önəmli olduğunu vurğulayıb:

"Liqalarda iştirak sərbəstdir. Yığmaların tərkibinə düşmək üçün isə cüdoçular Azərbaycan birinciliyində iştirak etməlidirlər. Bütün liqalarda iştirak o demək deyil ki, idmançı yığmaya düşəcək. Əsas keyfiyyətdir. Fərqlənən bölgələr Bakı və Sumqayıtdan sonra qərb, şimal-qərb, həmçinin aran zonasıdır. Hər bölgə üçün əmsal təyin olunub. Bölgələrdə əsasən UGİM-lər diqqət çəkir" .

Qeyd edək ki, cüdo liqaları 3 yaş qrupu üzrə keçiriləcək. Böyüklərdə yalnız kişi, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçular iştirak edəcəklər.

Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, ilboyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək.